Konstitusiya və Suverenliyin Zəfəri

Respublika. - 2025.- 22 iyun. - № 127. - S. 9.

 

Müstəqillik uğrunda qazanılmış dəyərlər

 

Camal Bağırov,

Balakən rayon prokuroru, Baş ədliyyə müşaviri

 

Azərbaycan xalqı tarix boyu azad yaşamaq, öz taleyinə sahib çıxmaq, milli dəyərlərini qoruyaraq inkişaf etmək arzusu ilə yaşamışdır. Bu əzəli və əbədi istək XX əsrin sonlarında xalqımızın böyük iradəsi nəticəsində reallığa çevrildi. 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildi və bununla da xalqımızın tarixində yeni bir mərhələ başlandı. Lakin müstəqilliyi elan etmək kifayət deyildi - onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək ən çətin və məsuliyyətli vəzifə idi. Bu vəzifəni layiqincə yerinə yetirən tarixi şəxsiyyətlər və güclü dövlət institutları sayəsində bu gün Azərbaycan regionun lider dövlətlərindən birinə çevrilmişdir.

 

Azərbaycanın müstəqilliyinin qorunmasının, təmin təmin edilməsinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz siyasi, iqtisadi və hərbi baxımdan dərin böhran içində idi. Müstəqillik formal olsa da, dövlətçiliyin əsasları sarsılmışdı. Daxili çəkişmələr, idarəolunmazlıq və Ermənistanın işğalçılıq siyasəti ölkəni parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz belə bir həssas məqamda xalqın təkidi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı oldu. Onun uzaqgörənliyi, siyasi qətiyyəti və təcrübəsi sayəsində dövlətin dayaqları möhkəmləndirildi, sabitlik bərpa olundu və müstəqillik real məzmuna çevrildi.

Heydər Əliyev üçün müstəqillik milli ideologiyanın əsası, xalqın kimliyinin ifadəsi idi. O, bildirirdi ki, "Bizim ən böyük sərvətimiz müstəqilliyimizdir". Bu fikir təkcə bir dövrün deyil, bütövlükdə dövlətçilik fəlsəfəsinin təməl daşı kimi qəbul olunmalıdır. Ulu Öndərin təşəbbüsü ilə qəbul edilən yeni Konstitusiya hüquqi dövlətin əsasını qoydu. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkənin siyasi-hüquqi sisteminin bünövrəsini təşkil etdi. Bu sənəd müstəqil Azərbaycanın idarəçilik modelini, vətəndaş hüquq və azadlıqlarını, dövlətin əsas prinsiplərini müəyyənləşdirən ali hüquqi aktdır. Konstitusiyada dövlətin suverenliyi, ərazi bütövlüyü və xalqın suveren iradəsi ali dəyər kimi təsbit olunmuşdur.

Azərbaycan Konstitusiyası müstəqilliyin hüquqi təminatçısı olmaqla yanaşı, ölkədə insan hüquqlarının qorunması, qanunun aliliyinin təmin olunması və hüquq-mühafizə orqanlarının fəaliyyətində şəffaflığın artırılması istiqamətində mühüm baza funksiyasını da yerinə yetirir. Bu baxımdan, prokurorluq orqanlarının rolu xüsusilə qeyd olunmalıdır. Azərbaycan Respublikasının Prokurorluğu dövlətçiliyin dayaqlarından biri kimi müstəqillik və suverenlik prinsiplərinin qorunmasında mühüm rol oynayır. Prokurorluq yalnız cinayətkarlığa qarşı mübarizə aparmaqla kifayətlənmir, həm də konstitusion hüquq və azadlıqların müdafiəsində, qanunların icrasına nəzarətdə, dövlət maraqlarının qorunmasında fəal iştirak edir.

Müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikası Prokurorluğunun inkişaf etdirilməsi, hüquqi islahatların aparılması və bu mühüm orqanın dövlətçilik sistemində möhkəmləndirilməsi ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Dövlətçiliyin əsas dayaqlarından biri olan prokurorluq orqanlarının gücləndirilməsi Ulu Öndərin hüquqi dövlət quruculuğuna verdiyi böyük önəmin bariz nümunəsidir.

Heydər Əliyev prokurorluğun cəmiyyət üçün əhəmiyyətini xüsusi vurğulayaraq bildirirdi ki, bu orqan yalnız qanunların aliliyini təmin edən qurum deyil, həm də vətəndaşların hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynayır. Onun rəhbərliyi ilə prokurorluq orqanlarının strukturunda və fəaliyyətində əsaslı islahatlara start verildi. Peşəkar kadr potensialının formalaşdırılması, prokurorluq əməkdaşlarının sosial təminatının yaxşılaşdırılması, tədris və təlim mexanizmlərinin gücləndirilməsi əsas addımlar oldu.

1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında prokurorluğun statusu ayrıca təsbit edildi və onun fəaliyyət prinsipləri dəqiq şəkildə müəyyənləşdirildi. Bununla yanaşı, Ulu Öndər prokurorluğun ictimaiyyətlə əlaqələrinin genişləndirilməsinə, onun cəmiyyətə açıq və şəffaf qurum kimi fəaliyyət göstərməsinə xüsusi önəm verirdi.

Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət nəticəsində prokurorluq orqanları müasir, effektiv və hüquqi cəhətdən əsaslı fəaliyyət mexanizminə malik olan, dövlət suverenliyinin və hüquq qaydasının təminində mühüm rola sahib bir struktura çevrildi. Bu möhkəm təməl bu gün də Azərbaycan Prokurorluğunun fəaliyyətinin əsasını təşkil edir.

Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirilməsi və suveren hüquqların tam bərpası istiqamətində mühüm tarixi mərhələ 2003-cü ildən sonra - Prezident İlham Əliyevin rəhbərliyi dövründə yaşandı. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illər ərzində Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək yeni çağırışlara uyğun inkişaf etdirdi. Onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar, xarici siyasətdəki prinsipial mövqe, müasir ordu quruculuğu və milli maraqlara əsaslanan strateji yanaşma Azərbaycanın müstəqilliyini daha da gücləndirdi.

Xüsusilə, 2020-ci ildə əldə olunan Zəfər bu istiqamətdə dönüş nöqtəsi oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmənin təcavüzkar siyasətinə son qoydu və ölkənin ərazi bütövlüyü bərpa olundu. Bu Zəfər yalnız torpaqların azad edilməsi ilə deyil, həm də milli qürurun, suveren hüquqların və dövlət müstəqilliyinin tam bərqərar olması ilə tarixə düşdü. Bu gün Azərbaycan bütün dünya tərəfindən ərazi bütövlüyü və suveren hüquqları tam təmin olunmuş bir dövlət kimi qəbul edilir.

Müstəqilliyin qorunması siyasi, hərbi, həm də hüquqi, institusional və mənəvi amillərlə mümkün olur. Bu mənada, hər bir Azərbaycan vətəndaşının Konstitusiyaya hörmətlə yanaşması, qanunlara riayət etməsi, dövlət atributlarına sadiq olması mühüm əhəmiyyət daşıyır. Bu gün ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, ictimai institutların gücləndirilməsi, şəffaf idarəetmə və hesabatlılıq prinsiplərinin tətbiqi həm də müstəqilliyimizin davamlılığını təmin edən əsas faktorlardandır. Prezident İlham Əliyevin iradəsi ilə həyata keçirilən "elektron hökumət", məhkəmə-hüquq islahatları, prokurorluq orqanlarının müasir texnologiyalarla təmin olunması və peşəkar kadr potensialının artırılması bu istiqamətdə aparılan işlərin bariz nümunəsidir.

Eyni zamanda qeyd etmək lazımdır ki, müstəqillik təkcə siyasi termin deyil - bu, bir millətin özünüifadə formasıdır. Dilin, mədəniyyətin, milli adət-ənənələrin qorunması və inkişaf etdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması da dövlət müstəqilliyinin əsas prioritetləridir. Dövlətimizin apardığı siyasət nəticəsində bu sahədə də böyük nailiyyətlər əldə olunub.

2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması bir daha göstərir ki, Azərbaycan xalqı əldə etdiyi tarixi nailiyyətlərin dərin mənasını və gələcək nəsillər üçün əhəmiyyətini dərk edir və onları daim diqqətdə saxlayır. Bu təşəbbüs, həm də cəmiyyətin bütün təbəqələrini dövlətçilik dəyərlərinə daha dərindən yanaşmağa, hüquqi savadlılığın artırılmasına və milli kimliyimizin qorunmasına təşviq edir.

Azərbaycanın bu günə qədər əldə etdiyi müstəqillik dəyərləri asanlıqla qazanılmamışdır. Bu dəyərlərin hər biri xalqımızın qanı, canı və iradəsi bahasına əldə edilmişdir. Müstəqillik təkcə bayram günlərində xatırlanacaq bir anlayış deyil - o, hər gün yaşadığımız bir gerçəklikdir. Dövlətimizin varlığı, suveren hüquqlarımızın tanınması, beynəlxalq aləmdə söz sahibinə çevrilməyimiz, sabit və təhlükəsiz bir cəmiyyətin qurulması, bütün bunlar müstəqilliyimizin uğurlarıdır.

Bu gün biz müstəqilliyin bəhrəsini görür, onun üzərində qurulmuş güclü və modern Azərbaycanla qürur duyuruq. Bu müstəqilliyin qorunması və möhkəmləndirilməsi isə hər birimizin borcudur. Dövlətimizə, bayrağımıza, dilimizə və qanunlarımıza olan sevgi və sadiqlik, bu müqəddəs dəyərlərin gələcək nəsillərə ötürülməsində ən güclü zəmanət olacaq.