Ümumi məlumat
KONSTİTUSİYA VƏ SUVERENLİYİN ZƏFƏRİ
“Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir.”
Azərbaycanla Türkiyə arasında İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi ilə əlaqədar sənədlərin imzalanma mərasimindən sonra
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata bəyanatından.
Naxçıvan, 25 sentyabr 2023-cü il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci il respublikamızda "Konstitusiya və Suverenlik İli" elan olunmuşdur. Sərəncama əsasən, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq bu il "Konstitusiya və Suverenlik İli" elan edilib.
Konstitusiya və suverenlik anlayışları hər bir dövlətin varlığının əsas amillərindəndir. Konstitusiya - Ana Qanun dövlətin hüquqi, siyasi və sosial əsaslarını müəyyənləşdirən, vətəndaş hüquqlarını qoruyan və dövlət hakimiyyətinin legitimliyini təmin edən hüquqi aktdır.
Beynəlxalq hüquqa görə, dövlətin əsas atributlarından biri də suverenlikdir. Suverenlik dövlətin daxili idarəçiliyini, iqtisadiyyatını, mədəniyyətini qorumağı və xarici siyasətini sərbəst müəyyən etmək imkanlarını ifadə edir. Müasir dünyadakı qloballaşma, siyasi-iqtisadi inteqrasiya prosesləri suverenlik anlayışını müəyyən qədər dəyişsə də, Konstitusiya hər bir dövlətin müstəqilliyini qoruyan əsas hüquqi sənəd olaraq qalır. Konstitusiya suverenliyin əsas hüquqi zəmanətidir.
1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu ölkənin ictimai-siyasi həyatında əlamətdar bir hadisə oldu. Müstəqillik aktı 1991-ci ildə qəbul edilsə də, onun hüquqi əsasını təşkil edən Konstitusiya 1995-ci ildə işlənib hazırlandı. Bunun bir səbəbi keçmiş "Dağlıq Qarabağ problemi" ilə bağlı idisə, digəri müstəqilliyin ilk illərində Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar edilməsinə mane olan həmin dövrdəki məlum hadisələrin baş verməsi ilə əlaqədar idi.
Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası oldu.
Eyni zamanda, 1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü ilə də üz-üzə qalmışdı. Torpaqlarımızın iyirmi faizi Ermənistan tərəfindən işğal edilmişdi. 1 milyondan artıq azərbaycanlı Qərbi Azərbaycandan və Qarabağdan vəhşicəsinə qovulmuşdu. Amma ötən 30 illik zamanda xalqımız işğalla nəinki barışmadı, həm də hər bir azərbaycanlı əmin idi ki, torpaqlarımız mütləq azad olunacaq və dövlət suverenliyimiz bərpa ediləcək. Bu əminliyi gücləndirən Ümummilli Lider Heydər Əliyevin və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət idi. İlham Əliyev hələ ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ildə keçirilən andiçmə mərasimində bununla bağlı mövqeyini belə ifadə etmişdi: "Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".
2003-cü ildən sonra Azərbaycanın nail olduğu sürətli inkişaf siyasəti həm də torpaqlarımızın azad ediləcəyi, bütün ərazilərimiz üzərində milli suverenliyimizin bərqərar ediləcəyi tarixi yaxınlaşdırdı. Eyni zamanda 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn siyasi qüvvələrin mövqeyi sülh danışıqlarının mənasız olduğunu ortaya qoydu. 2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi növbəti hərbi təxribat isə artıq müharibəni qaçılmaz etdi. Həmin gün öz tarixi missiyasına başlayan Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyətinin siyasi-hüquqi təsdiqi oldu.
Azərbaycan Ordusunun 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirdiyi və 23 saat çəkən lokal antiterror tədbirləri nəticəsində isə torpaqlarımızdakı erməni separatçılığına birdəfəlik son qoyuldu. Qəhrəman ordumuzun möhtəşəm zəfəri ilə yekunlaşan bu əməliyyatla bütün torpaqlarımız üzərində dövlətimizin milli suverenliyi təmin edildi, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq kimi sərsəm ideya həmişəlik tarixin zibilliyinə atıldı. Bu tarixi hadisə ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlətçilik və suverenlik salnaməsinin növbəti şərəfli səhifəsi yazıldı.
Beləliklə, bütün torpaqlarımız üzərində milli suverenliyimiz və konstitusion hüquqlarımız bərqərar edildi. Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında sərəncamda qeyd olunduğu kimi, "2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur".
1991-ci ildə dövlət müstəqiliyimizin bərpası siyasi tariximizin ən böyük hadisəsi olduğu kimi, ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin tam təmin edilməsi də böyük tarixi, siyasi əhəmiyyət daşıyır. Yeni tariximizin ən əhəmiyyətli səhifəsini məhz bu təşkil edir.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında 19 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bu əlamətdar günün təsis edilməsi xalqımızın özünün ərazi bütövlüyü uğrunda apardığı milli mübarizəsinin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun yazdığı qəhrəmanlıq salnaməsinin gələcəyə və yeni nəsillərə çatdırılması, onlara aşılanması baxımından müstəsna əhəmiyyətə malikdir. Ərazi suverenliyimizin tam təmin olunması həm də dövlətçilik maraqlarına və xalqımızın həmrəyliyinə xidmət edən yeni milli ideoloji prinsipləri meydana çıxarmışdır.
Azərbaycanın əsl müstəqilliyini, hüquqi dövlət quruculuğunu və milli suverenliyinin tam bərqərar olunmasını Ulu Öndər Heydər Əliyevin başladaraq həyata keçirdiyi və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi kurs təmin etdi. Bu gün şanlı üçrəngli bayrağımız bütün ərazilərimizdə əzəmətlə dalğalanaraq, Azərbaycanın milli suverenliyini bütün dünyaya vüqarla bəyan etməkdədir. Azərbaycanın müstəqilliyi daimidir və sarsılmazdır. Heç bir qüvvə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın müstəqilliyinə və suverenliyinə təhdid yarada bilməz.
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi xalqımızın, xüsusilə yeni nəslin gələcək inkişafının hansı istiqamətdə müəyyən olunması baxımından tarixi əhəmiyyətə malikdir. Bu gün Azərbaycan xalqı özünün yeni inkişaf tarixinə qədəm qoyub. İndi dövlət suverenliyi tamdır, ərazilərimiz bütövdür, sərhədlərimiz isə toxunulmazdır. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu pozitiv dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın və dövlətimizin qarşısında duran prioritet vəzifədir.
Q e y d: Prezident Kitabxanası indiyə kimi bu səpkidə bir neçə elektron informasiya resursu hazırlamışdır. Həmin resurslara baxmaq üçün aşağıdakı keçidlərdən istifadə etmək olar: “Zəfər Günü”, “Şuşa”, “Azərbaycan abidələrinə qarşı erməni vandalizmi”, “Ermənistan-Azərbaycan münaqişəsi”, “Laçın”, “Cəbrayıl”, “Füzuli”, “Zəngilan”, “Qubadlı”, “Ağdam”, “Kəlbəcər”, “Azərbaycan. Dövlət rəmzləri və atributları”.
