Respublika. - 2025.- 13 iyun. - № 120. - S. 6.
Konstitusiyamızın 30 illik yolu və Suverenliyin bərpası: Tarix, Hüquq, Qürur
Orxan Rzayev,
Konstitusiya Məhkəməsi Aparatının baş məsləhətçisi
Konstitusiya ilk növbədə, hüquqi iyerarxiyanın ən yüksək pilləsində yerləşən, dövlət həyatının ən mühüm prinsiplərini təsbit edən əsas qanundur. Konstitusiya tənzimlədiyi ictimai münasibətlərin əhəmiyyətlilik dərəcəsinə görə qanunlardan və digər normativ hüquqi aktlardan fərqlənir. Konstitusiya dövlətin əsas institutlarını, vətəndaşların statusunu müəyyən edir, bütün hüquqi fəaliyyətin məzmununa təsir göstərir.
Müasir demokratik dövlətdə suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi xalq olduğu üçün konstitusiyalar da xalq tərəfindən, yaxud xalqın adından qəbul edilir. Demokratik hüquqi dövlətdə Konstitusiya nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini, ifadə edən əsas qanundur.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi ilə (referendumda) qəbul olunmuş, bununla da ölkəmizdə demokratik, hüquqi dövlətin möhkəm təməli qoyulmuşdur. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu dövlətçilik tarixində mühüm hadisə olmuş, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açmış, insan hüquq və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmaqla ölkə həyatının bütün sahələrinin inkişafına təkan vermişdir. Sənəd, sözün əsl mənasında, ölkənin Əsas Qanununa çevrilərək dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı qanunvericilik və institusional islahatların əsası kimi çıxış etmişdir.
Ulu Öndər Heydər Əliyev demişdir: "Bizim Konstitusiyamız Azərbaycan Respublikasının tarixi ənənələrini, xüsusiyyətlərini əks etdirir. O, Azərbaycan Respublikasında demokratik hüquqi dövlətin qurulmasını, ölkəmizdə olan bütün vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəkdir. Bu bizim özümüzün Konstitusiyamızdır, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır.
Yeni Konstitusiya Azərbaycanda demokratik hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir".
Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi və gərgin əməyi sayəsində hazırlanmış yeni Konstitusiya çoxəsrlik dövlətçilik ənənələrimizə və qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri də özündə əks etdirərək ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına güclü təkan vermişdir.
Yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz tarixi xidmətlərindən biri olmuşdur. Dahi lider Konstitusiya layihəsinin hazırlanması ilə məşğul olan komissiyanın sonuncu iclasında demişdir: "Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm".
Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideya və dəyərlər geniş şəkildə öz əksini tapmış, insan hüquq və azadlıqlarının təminatı müəyyən edilmişdir. Ümumiyyətlə, ölkə Konstitusiyasında dövlətin cəmiyyətdə və ictimai münasibətlər sistemində rolu ilə əlaqədar yeni, Azərbaycanın əvvəlki Konstitusiyalarından tamamilə fərqli konseptual yanaşma əksini tapmışdır. Belə ki, Azərbaycanın da uzun illər ərzində daxil olduğu sovet siyasi sistemində dövlətin cəmiyyət həyatındakı rolu fövqəladə xarakter daşıyırdı və dövlət maraqları ilə şəxsiyyətin maraqları arasında yaranan münasibətlərdə üstünlük birmənalı olaraq birinciyə verilirdi. Bu isə liberal demokratiyalarda mühüm əhəmiyyət kəsb edən insan hüquq və əsas azadlıqların müdafiəsinin arxa plana keçməsinə səbəb olurdu.
Ölkə Konstitusiyasının preambulasında Azərbaycan xalqının Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan edilmişdir.
Konstitusiyanın 147-ci maddəsi birmənalı şəkildə təsbit edir ki, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir və qanunvericilik sisteminin əsasını təşkil edir. Bu baxımdan, əgər ölkədə qüvvədə olan çoxsaylı hüquqi aktları bir-biri ilə əlaqəli vahid sistem kimi qəbul etsək, onda Konstitusiyanı hüquqi inkişafın əsası, mənbəyi adlandırmaq olar. Konstitusiya dövlət quruluşunu, seçki sistemini, dövlət hakimiyyəti orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyənləşdirmək və qanunvericilik sisteminin əsasını təşkil etməklə yanaşı, vətəndaşların hüquq və azadlıqlarının əsas təminatçısı qismində çıxış edir.
Azərbaycan Respublikasının Konstitusiyası demokratik, hüquqi və dünyəvi dövlətin qurulması yolunda əhəmiyyətli mərhələ olub və indiyədək bu sənəd ölkəmizdə hüquqi islahatların aparılması, insan hüquq və azadlıqlarının təmin olunması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində bünövrə rolunu oynayıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Ümummilli liderin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatına keçid, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr olmuşdur.
Ulu Öndər Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yürüdərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Ümummilli lider 1995-ci il mayın 27-də Respublika Günü münasibətilə keçirilən təntənəli yığıncaqda demişdir: "Ən böyük nailiyyət, tariximizə yazılmış qızıl səhifə ondan ibarətdir ki, çoxəsrlik tariximizdə ilk dəfə Azərbaycan xalqı dövlət müstəqilliyini əldə edə bilmişdir, müstəqillik əhval-ruhiyyəsini hiss edə, dərk edə bilmişdir, müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq duyğularını dərk edə bilmişdir". Azərbaycan Respublikası Konstitusiyasının "Xalqın suverenliyi" başlıqlı 2-ci maddəsində deyilir: "Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir".
Elmi ədəbiyyatlarda "suverenlik" anlayışına əsasən iki mövqedən yanaşılır: xalqın suverenliyi və dövlət suverenliyi. Xalqın suverenliyi prinsipi Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsində açıqlanmışdır. Müəyyən şəraitlərdə dövlətin suverenliyi xalqın suverenliyi ilə üst-üstə düşür. Xalqın suverenliyi xalqın aliliyini, öz taleyini, dövlət və ictimai inkişafın köklü məsələlərini özünün həll etməsi, öz dövlətinin siyasətinin istiqamətini, orqanlarının tərkibini formalaşdırmaq, dövlət hakimiyyətinin fəaliyyətinə nəzarət etmək hüququnu bildirir. Əhalinin geniş dairələrini dövlətin idarə olunması prosesinə cəlb etmək cəmiyyətdə demokratik dəyişikliklərin həyata keçirilməsinin zəruri şərtlərindəndir. Məhz bu məqsədlə yerli idarəetmə orqanlarının - bələdiyyələrin yaradılması 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuşdur. Əsas Qanunun dördüncü bölməsi tamamilə bələdiyyələrə həsr olunmuşdur. Bu bölmədə yerli özünüidarənin təşkilinin əsas prinsipləri müəyyənləşdirilmiş, bələdiyyələrin fəaliyyətinin normativ hüquqi əsasını yaradan mühüm qanunlar qəbul edilmişdir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun təməlini qoymaqla yanaşı, ölkədə konstitusiya nəzarəti institutunun - Konstitusiya Məhkəməsinin təsis edilməsinə də əsas yaratdı. Bu ali hüquqi sənədin qəbulundan sonra, qanunvericilik prosesində konstitusiya prinsiplərinin qorunması və vətəndaşların əsas hüquq və azadlıqlarının təminat altına alınması baxımından Konstitusiya Məhkəməsinin yaradılması əlamətdar hadisə olmuşdur. Məhkəmə 1998-ci ildən fəaliyyətə başlayaraq Azərbaycanın hüquqi sistemində mühüm boşluğu doldurmuş, hüququn aliliyini təmin edən əsas institutlardan birinə çevrilmişdir.
Konstitusiya Məhkəməsi dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qolları arasında balansın qorunmasında, normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılmasında, eləcə də vətəndaşların konstitusion hüquqlarının müdafiəsində mühüm rol oynayır. Həmçinin qanunların və digər normativ aktların Konstitusiyaya zidd olan hissələrinin hüquqi qüvvədən düşməsi barədə qərarlar qəbul etməklə, normativ sabitliyin və hüquqi müəyyənliyin qorunmasına xidmət edir. Bu baxımdan, Konstitusiya Məhkəməsi yalnız hüquqi nəzarət orqanı deyil, eyni zamanda hüquqi mədəniyyətin formalaşmasında, konstitusion düşüncənin inkişafında və hüquq islahatlarının istiqamətinin müəyyənləşdirilməsində strateji mövqe tutur.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın ruhuna və prinsiplərinə sadiq qalan Konstitusiya Məhkəməsi ötən illər ərzində bir çox fundamental qərarları ilə vətəndaşların hüquqi müdafiəsini təmin etmiş, dövlət orqanlarının fəaliyyətində konstitusion normaların tətbiqinə nəzarət etmişdir. Bu institut həm hüquqi sabitliyin təmin olunmasında, həm də Azərbaycanın demokratik inkişafında əsas dayaqlardan biri olmuşdur.
Ümummilli Lider Heydər Əliyev şərəfli dövlətçilik fəaliyyəti müddətində yalnız Azərbaycanı düşündü, onun müasirləşməsinə, qüdrətlənməsinə, çiçəklənməsinə çalışdı. Dahi Öndər Azərbaycanı daim gözəl və müasir görmək istəyirdi. Elə bu məramla da xalqın gələcək taleyinə biganə qalmadı. Müasirləşmə siyasətini özündən sonra layiqincə davam etdirəcək modern düşüncəli, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyətinə malik novator ruhlu lider yetişdirdi. Əgər Ulu Öndər Heydər Əliyevin müasirləşmə siyasəti ötən əsrin 70-ci illərində Azərbaycanı keçmiş SSRİ-nin ən qabaqcıl respublikası səviyyəsinə gətirib çıxardısa, 90-cı illərdə xoas və tərəqqidən inkişafa doğru keçidin mükəmməl strategiyasını təmin etdisə, onun layiqli davamçısı Prezident İlham Əliyevin modernləşmə kursu respublikamızı dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevirdi. Başqa sözlə, Ümummilli Lider Heydər Əliyevin başladığı müasirləşmə kursu möhtərəm Prezident İlham Əliyevin modernləşmə siyasəti ilə inamla davam etdirilir.
Azərbaycan Respublikasının Konstitusiyası dinamik, inkişafda olan cəmiyyətin və dövlətin ehtiyaclarına cavab verən, dəyişən, ictimai-siyasi reallıqlara uyğunlaşdırıla bilən bir sənəd kimi tarix boyu bir neçə dəfə təkmilləşdirilmişdir. Konstitusiyaya edilən dəyişikliklər və əlavələr ilk növbədə hüquqi bazanın daha da gücləndirilməsinə, dövlət idarəçiliyinin çevikliyinin və səmərəliliyinin artırılmasına, eləcə də vətəndaşların hüquq və azadlıqlarının daha dolğun şəkildə təmin edilməsinə xidmət göstərmişdir. Bu dəyişikliklər Azərbaycan xalqının iradəsinin ifadəsi olaraq ümumxalq səsvermələri - referendumlar vasitəsilə həyata keçirilmiş və dövlətin legitimliyini daha da möhkəmləndirmişdir.
Belə ki, 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində Konstitusiyanın bir sıra maddələrində mühüm dəyişikliklər edilmişdir. Bu dəyişikliklər dövlət institutlarının fəaliyyətinin daha səmərəli təşkilinə, vətəndaşların idarəetmədə iştirak imkanlarının genişləndirilməsinə və hüquqi islahatların dərinləşdirilməsinə yönəlmişdir. Eyni zamanda, dövlət suverenliyinin gücləndirilməsi, müasir çağırışlara çevik cavab verə biləcək idarəetmə modelinin qurulması baxımından bu dəyişikliklər mühüm əhəmiyyət kəsb etmişdir. Konstitusiyanın davamlı olaraq təkmilləşdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan uğurların qorunmasına və daha dayanıqlı gələcək üçün möhkəm təməl yaradılmasına xidmət edir.
Azərbaycan Respublikasının Konstitusiyası hüquqi əsasları müəyyən etməklə, eyni zamanda milli birliyin, dövlət suverenliyinin və ərazi bütövlüyünün hüquqi təminatçısı kimi çıxış edir. Bu ali sənəd hər bir vətəndaşın dövlətə bağlılığının, dövlətin isə vətəndaş qarşısında məsuliyyətinin bərqərar olunmasında mühüm rol oynayır. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və ardıcıl siyasi kurs sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, hüquqi sabitlik və idarəetmə dayanıqlılığı təmin edilmişdir. Bütün bu hüquqi və siyasi təməl, Azərbaycanın suveren hüquqlarını qorumağa və xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı öz ərazi bütövlüyünü təmin etmək üçün qətiyyətli addımlar atmağa imkan yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və ordumuzun gücü sayəsində torpaqlarımız erməni işğalından azad edilmiş, suverenliyimiz tam təmin edilmişdir.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Noyabrın 10-da Ermənistan təslim olduğunu rəsmən elan etdi və kaputilyasiya aktını imzaladı. Bir ay sonra - dekabrın 10-da Baklda Azadlıq meydanında Zəfər paradı keçirən Azərbaycan möhtəşəm Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bununla da, Azərbaycan XXI əsrdə ilk Zəfər paradı keçirən dövlət kimi dünya tarixinə düşdü.
Vətən müharibəsində xalqımız həmrəylik nümayiş etdirdi, vahid amal uğrunda birləşdi. 44 gün davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Hər bir Azərbaycan vətəndaşı bu qürurverici tarixi günləri yaşamaqdan xoşbəxt olduğunu dilə gətirir. Azərbaycan xalqı bu möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyirdi. Qürurverici haldır ki, heç bir beynəlxalq ədalətsizlik xalqımızın qələbəyə inamını sarsıtmadı, dövlət başçısının iradəsinə təsir etmədi. Hər ötən gün xalqımız Prezident İlham Əliyevin ətrafında getdikcə daha sıx birləşir, birliyimiz hər gün daha da güclənir. Bütün qələbələrin əsasında Prezident İlham Əliyevin mükəmməl diplomatik bacarıqları, dövlət maraqlarının təmin olunmasına istiqamətlənmiş xarici siyasət kursu dayanır.
44 günlük Vətən müharibəsi, 23 saatlıq antiterror tədbirləri, erməni işğalçılarının ayaqlarının torpaqlarımızdan kəsilməsi dünyaya sübut etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev müdrik və uzaqgörən siyasətçidir. Ona görə ki, dövlət başçısı cənab İlham Əliyevin tutduğu yol Ümummilli Lider Heydər Əliyev yoludur, ona qüvvət verən Ulu Öndərin ideyaları, arzuları və Azərbaycan xalqının sevgisidir.
Müzəffər Ali Baş Komandanın 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Bayrağını qaldırarkən dediyi sözlər yüzilliklər boyu azərbaycanlı qanı daşıyan hər kəsin dillər əzbəri olacaq: "Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!". 2023-cü ilin noyabr ayında Xankəndidə keçirilən Zəfər paradı ölkəmizin gücünün, qüdrətinin daha bir parlaq nümunəsi kimi tarix səhifələrinə yazıldı.
Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı həyata keçirilmiş antiterror əməliyyatını zəruri edən bir neçə amil var idi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı birləşmələri Qarabağdan tam çıxarılmamışdı və qarşı tərəf qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi, ərazidən çıxarılması ilə bağlı tədbir görmürdü. Əksinə, Ermənistan dövləti tərəfindən qanunsuz silahlı dəstələrin təminatı məsələləri həyata keçirilir, Qarabağa hərbi sursat və silah daşınırdı. Digər tərəfdən, Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerlərdə fəal mühəndis-istehkam işləri aparılır, kəşfiyyat-diversiya qruplarının aktivliyi artır, ərazi və yollar yenidən minalanırdı. Prezident İlham Əliyev antiterror tədbirlərinin strateji əhəmiyyətini tam dəqiqliyi ilə bu cür ifadə etmişdir: "Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində, daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, çünki təslim olmasaydılar məhv olacaqdılar. Əməliyyat hərb elmi nöqteyi-nəzərindən də çox uğurlu idi. Şuşa əməliyyatına oxşar bir əməliyyat idi. Əlbəttə, Şuşa əməliyyatı xüsusi peşəkarlıq tələb edən əməliyyat idi, amma bu da çox uğurlu idi. Yəni, bütün vəzifələr yerinə yetirildi və beləliklə, separatçılığa son qoyuldu".
Bu gün üçrəngli bayrağımız qürur yerimiz olan Qarabağın və Şərqi Zəngəzurun hər guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır. Antiterror tədbirlərindən sonra ölkəmizin təkcə coğrafi xəritəsində deyil, sosial və quruculuq sahəsində də çox böyük dəyişiklik baş vermişdir. Az qala hər gün yeni bir ünvanın, yeni bir infrastruktur obyektinin bünövrəsi qoyulur, yeni bir ocaqda işıq yanır. Vaxtilə erməni quldur birləşmələrinin xaraba qoyduğu Qarabağ və Şərqi Zəngəzurun yaşayış məskənlərində abad və yaraşıqlı şəhər və kəndlər salınır.
İşğaldan azad edilmiş ərazilərdə vətəndaşların öz konstitusion hüquqlarından istifadə edə bilməsi dövlət idarəetməsinə inam artıb. Qarabağ və Şərqi Zəngəzurda dövlət idarəetmə strukturlarının formalaşdırılması, o cümlədən məhkəmələrin, hüquq-mühafizə orqanlarının fəaliyyətə başlaması, yerli özünüidarəetmə sisteminin yaradılması, insanların hüquq və azadlıqlarının qorunması üçün əsaslı addımlardır.
Prezident cənab İlham Əliyevin yolu aydın məqsədlərə, nəcib amillərə, sülhə, dostluğa söykəndiyi üçün həmişə uğurlu olub. Dövlət başçısının ölkənin sosial-iqtisadi həyatındakı uğurları, beynəlxalq aləmdəki qazandığı nüfuz, xalqın rifahı, təhlükəsizlik sahəsində həyata keçirdiyi tədbirlər, ona xalqımız arasında sonsuz məhəbbət qazandırmışdır. Möhtərəm Prezident İlham Əliyev qeyd etmişdir: "Dövlətlər zəif olmur, onların rəhbərləri zəif olur. Qələbə qazanmaq bacarığı isə yalnız güclü lideri olan dövlətlərə və xalqlara nəsib ola bilər".
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü və 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi müasir hüquqi dövlət quruculuğu modelinin təkmilləşdirilməsi, suverenlik və təhlükəsizlik konsepsiyalarının daha da möhkəmləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların bariz nümunəsidir.
28 dekabr 2024-cü il tarixli Sərəncam 2025-ci ilin Konstitusiyanın qəbul edilməsinin 30-cu və 44 günlük Vətən müharibəsində Qələbənin 5-ci ildönümü nəzərə alınaraq imzalanmışdır. "Konstitusiya və Suverenlik İli" təşəbbüsü isə dövlətimizin hüquqi əsaslarının daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə suverenliyimizin gücləndirilməsi məqsədi daşıyır.
Konstitusiya dövlətin müstəqilliyini və suverenliyini təmin etmək üçün əsas sənəddir. Bu baxımdan, "Konstitusiya və Suverenlik İli" təşəbbüsü hüquqi bazanın daha da möhkəmləndirilməsinə, dövlət idarəetməsində şəffaflığın artırılmasına yönəlmiş strateji addım kimi qiymətləndirilməlidir.