Respublika. - 2025.- 2 iyul. - № 132. - S. 5.
Hüquqi dövlətin möhkəm zəmini: “Konstitusiya və Suverenlik İli"nin tarixi məsuliyyəti
Elman Süleymanov,
Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri, Prokurorluğun fəxri işçisi.
2025 -ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi müasir Azərbaycanın dövlətçilik tarixinin hüquqi və siyasi inkişaf mərhələlərinin məntiqi nəticəsi olmaqla, suverenliyin möhkəmləndirilməsi və konstitusional hüquq sisteminin dərinləşdirilməsi prosesinin fundamental dönüş nöqtəsini təşkil edir. Qərar hüquqi dövlətin institusional əsaslarının möhkəmləndirilməsi və ali hüquq sənədi olan Konstitusiyanın prinsipial əhəmiyyətinin siyasi-hüquqi diskursda yenidən aktuallaşdırılması ilə bağlıdır.
Dövlət başçımız cənab İlham Əliyevin "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" 29 sentyabr 2022-ci il tarixli Sərəncamında bildirilir: "Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir".
Ulu Öndər Heydər Əliyevin dövlətçilik doktrinası Azərbaycan Respublikasının konstitusional inkişaf strategiyasının təməl sütunu kimi qəbul edilmiş, ümummilli liderin dövlət suverenliyi, hüququn aliliyi və demokratik idarəetmə prinsiplərinə sadiqliyi milli hüquq sisteminin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratmışdır. Heydər Əliyev siyasi irsi və hüquqi nəzəriyyələri ölkənin suverenliyinin təminatında, xüsusilə milli hüquq məkanında konstitusional sabitliyin qorunmasında prioritet rol oynamışdır.
1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri hüquqi dövlətin formalaşdırılması və demokratik idarəetmə sisteminin əsaslarının qoyulması idi. Lakin bu mərhələyə keçid problemsiz baş vermədi. SSRİ-dən miras qalmış inzibati-amirlik idarəetmə sistemi, hüquq və qanunvericilik sahəsindəki boşluqlar, eləcə də zəif institusional baza yeni dövlətin hüquqi əsaslar üzərində qurulmasını ləngidən başlıca amillərdən oldu. Xüsusilə, hüququn aliliyi, insan hüquq və azadlıqlarının müdafiəsi və dövlət hakimiyyətinin bölünməsi kimi prinsiplərin tətbiqi üçün mövcud normativ sistem yetərli deyildi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etdiyi dövrdə ölkədə qüvvədə olan hüquq sistemi əslində sovet hüquq ideologiyasına əsaslanırdı. Bu sistemdə dövlətin hüquq üzərində üstünlüyü, fərdin isə hüquqlarının məhdud və formal xarakter daşıması müşahidə olunurdu. Hüquqi dövlət prinsipi, yəni dövlətin öz fəaliyyətində hüquqa tabe olması, vətəndaş hüquqlarının hüquqi mexanizmlərlə qorunması və müstəqil məhkəmə hakimiyyətinin təmin olunması sovet sistemində nəzəri olaraq tanınsa da, faktiki olaraq həyata keçirilmirdi. Azərbaycan SSR-in qanunvericilik bazası da bu sistemin tərkib hissəsi idi və 1990-cı illərin əvvəllərində hüquqi dövləti təmin etməyə adekvat deyildi.
1991-ci il oktyabrın 18-də qəbul edilən "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi nəzərdə tutulmuşdu. Lakin həmin dövr ölkədə ciddi siyasi böhranlar, silahlı qarşıdurmalar, separatçılıq meyilləri və xarici təzyiqlərlə səciyyələnirdi. Dövlət idarəçiliyində vahidlik, sabitlik və koordinasiya yoxluğu yeni Konstitusiyanın hazırlanmasını qeyri-mümkün etmişdi. Üstəlik, həmin illərdə siyasi rəhbərlikdə qeyri-müəyyənlik və ziddiyyətlər hüquq sahəsində islahatların həyata keçirilməsinə əngəl törədirdi. Yalnız 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanda hüquqi dövlət quruculuğunda yeni mərhələnin başlanması üçün zəmin yaratdı. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar sistemli xarakter aldı və dövlət idarəçiliyində hüququn aliliyinə söykənən əsaslı dəyişikliklərə imkan verdi.
1995-ci il mayın 2-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə yeni Konstitusiya layihəsini hazırlayacaq Komissiya təsis edildi. Komissiyaya Ulu Öndər Heydər Əliyev sədr təyin olundu. Komissiyanın tərkibi geniş spektrli mütəxəssisləri - qanunvericilik, icra və məhkəmə orqanlarının nümayəndələrini, hüquqşünasları, ictimai-siyasi və elm xadimlərini əhatə edirdi. Bu yeni Konstitusiyanın yalnız hüquqi sənəd olaraq deyil, eyni zamanda siyasi, mədəni və ideoloji təməlləri əhatə edən ümumxalq sənədi olacağına işarə idi. Heydər Əliyev layihənin hazırlanmasında siyasi rəhbər, həm də intellektual lider kimi fəal iştirak etdi, layihəyə dair dərin hüquqi və siyasi təhlillər apararaq mühüm tövsiyələr verdi, Konstitusiyanın ümumxalq müzakirəsinə çıxarılmasını təşkil etdi və beləliklə, sənədin legitimliyini və ictimai dəstəyini gücləndirdi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası qəbul edildi. Bu sənəd Azərbaycan tarixində ilk dəfə olaraq demokratik, hüquqi və dünyəvi dövlətin təməl prinsiplərini təsbit etdi. Konstitusiyada dövlət hakimiyyətinin bölünməsi (qanunverici, icra və məhkəmə hakimiyyəti), insan hüquq və azadlıqlarının geniş müdafiəsi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin əsasları kimi fundamental müddəalar əks olundu.
Konstitusiya eyni zamanda ölkədə çoxpartiyalı siyasi sistemin, bazar iqtisadiyyatının və müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına hüquqi zəmin yaratdı. Bu, həm daxili idarəetmədə, həm də beynəlxalq münasibətlərdə Azərbaycanın nüfuzunu artırdı. Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də keçirildi. Həmin iclasda geniş nitqlə çıxış edən Ulu Öndər Heydər Əliyev demişdir: "Müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması olduqca mühüm bir tarixi hadisədir. Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik". Konstitusiyanın 12-ci maddəsinin 1-ci bəndində deyilir: "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir". Bu fundamental prinsip hüquq-mühafizə orqanlarının fəaliyyətinin əsas vektoru olmaqla yanaşı, hüquqi dövlətin həyat fəlsəfəsinə çevrilmişdir. Konstitusiyaya əsaslanan hüquqi mühitin sabitliyi isə ictimai-siyasi nizamın qorunmasının, insan hüquqlarının təminatının və sivil idarəçiliyin əsas şərtidir. Komissiyanın 1995-ci il oktyabrın 3-də keçirilən iclasında Prezident Heydər Əliyev demişdir: "Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir". Dövlət başçısı tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmanla hər il noyabrın 12-si ölkəmizdə "Konstitusiya Günü" elan edilmişdir. 12 noyabr - Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına təbrikində Ümummilli lider Heydər Əliyev qeyd etmişdir: "Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir".
Prezident, Ali Baş Komandan İlham Əliyev dövlətçilik ənənələrinin və konstitusional hüququn müasir tələblərə uyğun olaraq yenilənməsini təmin edən siyasi rəhbərdir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən konstitusional mexanizmlərin təkmilləşdirilməsi, milli hüquqi mühitin beynəlxalq hüquq normaları əsasında harmonizasiyası və dövlət suverenliyinin qorunması strategiyaları kimi hüquqi islahatlar Azərbaycan Respublikasının hüquqi dövlət modelinin möhkəmlənməsinə xidmət edir. Ali Baş Komandanın siyasi-hüquqi vizyonu həm daxili siyasi stabilizasiya, həm də beynəlxalq hüquq çərçivəsində dövlətin suveren hüquqlarının təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Müasir Azərbaycan Respublikasının əsas təməl daşını təşkil edən Konstitusiya cəmiyyət və dövlət münasibətlərini tənzimləyən ali hüquqi sənəd olaraq artıq 30 ildən artıqdır ki, hüququn aliliyi prinsipinin daşıyıcısıdır. Bununla belə, dövlət suverenliyinin institusional, siyasi və hüquqi baxımdan real və funksional məzmunu 2003-cü ildən başlayaraq davamlı dövlət idarəetməsi islahatlarının həyata keçirilməsi, konstitusional normaların tətbiqinin genişləndirilməsi və hüquqi sistemin modernləşdirilməsi nəticəsində möhkəmləndirilmişdir. Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu strategiyası bu proseslərin hüquqi əsaslarını müəyyən etmiş, dövlət suverenliyinin möhkəmləndirilməsi istiqamətində konstitusional islahatların həyata keçirilməsinə zəmin yaratmışdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və hüquqi islahatlar, xüsusilə dövlət idarəçiliyinin effektivliyinin artırılması və hüquq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması suverenliyin təminatı və qorunmasında prinsipial rol oynamışdır.
2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi, daha sonra 2023-cü il sentyabrın 19-da həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan suveren hüquqlarını bütün ərazi vahidlərində faktiki və hüquqi olaraq bərpa etmişdir. Bu proses həm də konstitusional hüququn tam bərqərar olunması kimi qiymətləndirilməlidir.
Vurğulamaq lazımdır ki, suverenlik konsepti siyasi elmin və beynəlxalq hüququn fundamental anlayışlarından biri kimi dövlətin daxili və xarici siyasətində müstəqilliyini müəyyənləşdirir. Orta əsrlərdən formalaşan, dövlətlərin müstəqilliyini ön plana çıxaran suverenlik anlayışı, xüsusilə 1648-ci ildə imzalanan Vestfal Sülhü ilə hüquqi çərçivədə möhkəmlənmişdir. Beynəlxalq hüquqda suverenlik prinsipi Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsində öz əksini tapır. Xüsusən Nizamnamənin 2-ci maddəsi dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməzliyini təsbit edir. Lakin qloballaşmanın sürətlənməsi və beynəlxalq təşkilatların artan təsiri dövlət suverenliyinin qarşısında yeni çağırışlar yaratmışdır. Azərbaycan Respublikasının suverenliyi 1991-ci il oktyabrın 18-də qəbul edilən "Müstəqillik haqqında Konstitusiya Aktı" ilə hüquqi əsas qazanmış, 1995-ci ildə qəbul olunmuş Konstitusiya isə bu hüquqi statusu daha da gücləndirərək dövlət idarəetmə sisteminin möhkəm təməlini yaratmışdır. Konstitusiyanın 1-ci maddəsində dövlətin müstəqilliyi və ərazi bütövlüyünün dəyişməzliyi təsbit edilir ki, bu da hüquqi suverenliyin əsas göstəricisidir. Suverenlik anlayışı yalnız ərazi bütövlüyünün qorunması deyil, dövlətin öz hüquqi sistemini bütün ərazilərdə tətbiq edə bilməsi, qanunun eyni və birmənalı şəkildə işləməsi ilə dəyərləndirilir. Bu baxımdan prokurorluq orqanları azad olunmuş ərazilərdə hüquqi infrastrukturun qurulması, cinayətkarlıqla mübarizənin təşkili və ictimai təhlükəsizliyin təminində mühüm funksiyaları yerinə yetirir. Son 20 il ərzində hüquqi dövlətin inkişafında müşahidə olunan davamlı institusional islahatlar Konstitusiyanın müddəalarının reallığa çevrilməsinə səbəb olub. 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində Konstitusiyaya edilən əlavə və dəyişikliklər hüquqi çevikliyin və müasir çağırışlara uyğunluğun təmininə xidmət edib. Xüsusilə mülki iştirakçılığın, məhkəmə sisteminin funksionallığının artırılması və vətəndaşların hüquq müdafiə mexanizmlərinə əlçatanlığının genişləndirilməsi istiqamətində ciddi addımlar atılıb.
Cari ildə Prezidentin təsdiq etdiyi sosialyönümlü 5-ci islahat paketi ilə pensiyaların 10 faiz, sosial müavinətlərin 15 faiz, tələbə təqaüdlərinin isə 20 faizə qədər artırılması Konstitusiyanın sosial dövlət modelinə uyğun siyasətin həyata keçirildiyini təsdiq edir. Bu rəqəmlər hüquqi normativin real sosial müdafiə alətinə çevrildiyini göstərir. Əmək, sosial müdafiə və təhsil sahələrində hüquqi münasibətlərin tənzimlənməsi zamanı Konstitusiyanın 35, 38 və 42-ci maddələrinin müddəaları prioritet kimi qəbul olunur və bununla da dövlət-vətəndaş münasibətlərində hüququn ali rolu daha da möhkəmlənir.
Azərbaycan Respublikasının Prokurorluğu hüquq-mühafizə sisteminin ayrılmaz hissəsi olmaqla, konstitusional hüquq sisteminin qorunması, ictimai maraqların müdafiəsi və cinayətkarlıqla mübarizə sahəsində əvəzolunmaz rol oynayır. Bu orqanın fəaliyyəti cinayətlərin qarşısının alınması, istintaqın qanunauyğun şəkildə aparılması və qanunun aliliyinin təmin edilməsinə yönəlib. Eyni zamanda, Azərbaycan Prezidentinin 2021-ci il 7 may tarixli Fərmanı ilə "Elektron prokurorluq" informasiya sistemi yaradılıb. 2023-cü il aprelin 1-dən "Elektron prokurorluq" informasiya sisteminin əsas modulları istifadəyə verilib. 2023-cü ilin sentyabrından isə cinayət təqibinin rəqəmsallaşdırılmasına dair ilk addımlar atılaraq informasiya sisteminin "İstintaq" və "Cinayət xarakterli materiallar" modulları işə salınıb. Hazırda prokurorluq orqanlarında icraatda olan bütün cinayət işləri və törədilmiş, həmçinin hazırlanan cinayətlərə dair məlumatların araşdırılması bu modullar vasitəsilə həyata keçirilir və platforma vasitəsilə ictimaiyyətlə açıq və şəffaf münasibətlərin təşkili hüquqi maarifləndirmənin yeni mərhələsinə çıxışı təmin edib.
"Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçirilən tədbirlər dövlətçiliyin əsas dəyərlərinin yenidən dərk edilməsinə şərait yaradır. Bu proses yalnız bu günün vəzifələrini deyil, gələcək hüquqi nəsillərin təməl hüquq anlayışlarının formalaşmasını da şərtləndirir. Dövlət orqanlarının, xüsusilə hüquq-mühafizə sisteminin hər bir institusiyası bu prosesdə həm hüquqi, həm mənəvi məsuliyyət daşıyır. Konstitusiyaya uyğun olaraq hüquq sistemindəki islahatlar və hüquqi sabitliyin təminatı Azərbaycanın beynəlxalq hüquq sistemində nümunəvi dövlət modelinə çevrilməsinə xidmət edir. Bu istiqamətdə irəliləyişlər artıq beynəlxalq hüquqi hesabatlarda da əksini tapır.
Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə cari ilin "Konstitusiya və Suverenlik İli" elan olunması Azərbaycan dövlətçiliyində tarixi yaddaşla gələcəyə baxışın sintezinin bariz nümunəsidir. Dövlətin hüquqi mahiyyətinin və siyasi atributlarının dərinləşdirilməsi baxımından bu il milli ideoloji sistemin yenilənməsi, milli birliyin möhkəmləndirilməsi və gələcək inkişaf strategiyalarının hüquqi əsaslarla təmin edilməsi üçün unikal fürsət yaradır.
"Konstitusiya və Suverenlik İli"nin hüquqi mahiyyəti sadəcə rəmzi mərhələ kimi deyil, dövlət quruculuğunun ən yüksək fazası kimi qiymətləndirilməlidir. Hüququn aliliyi və dövlət suverenliyi Azərbaycan Respublikasının dayanıqlı gələcəyinin sütunlarıdır. Prokurorluq orqanları da bu strateji istiqamətdə öz missiyasını icra edərək hüquqi dövlətin möhkəmlənməsi, cəmiyyətin sabit və ədalətli inkişafı üçün fəaliyyətini davam etdirir. Bu sistemli iradənin, möhkəm hüquqi təməl üzərində qurulan dövlətçilik fəlsəfəsinin məntiqi nəticəsidir.