Azərbaycan. - 2024.- 30 dekabr. - № 290. - S. 14.
Konstitusiyanın, suverenliyin, həmrəyliyin Zəfəri
Yasəmən Musayeva
"Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!"
Bu ilin fevralında xalqın yekdil qərarı ilə yenidən ölkə Prezidenti seçilən İlham Əliyevin andiçmə mərasimində qürurla səsləndirdiyi kimi, bu gün Azərbaycan xalqı tarixindəki ən şanlı günlərini yaşayır: suverenliyi, ərazi bütövlüyü tam təmin edilən qalib xalq kimi... Qarabağı azadlığa qovuşdurulan xoşbəxt millət kimi...
Ölkəmiz adına son dörd il ərzində qazanılan ardıcıl zəfərlərin, qələbələrin əldə olunmasında isə həmrəyliyimiz, milli birliyimiz həlledici rol oynayıb.
Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi də həmrəylik zəfərimizin daha bir möhtəşəm təzahürü oldu.
Ürəklər Qarabağ üçün döyündü
Tam mübaliğəsiz demək olar ki, üzərindən dörd il keçməsinə baxmayaraq, hələ də həyəcanını, sevincini, xoşbəxtliyini eynilə yaşayıb hiss etdiyimiz İkinci Qarabağ müharibəsinin 44 günündə xalqımızın hər bir üzvü cani-könüldən çalışdı ki, ümumi qələbəmizə öz töhfəsini versin. Xeyli sayda ictimai təşəbbüslər, könüllü hərəkatlar başladı, beynəlxalq ictimaiyyətə səsimizi çatdırmaq üçün fəal iş aparıldı. Yaşından, imkanından, yaşadığı bölgəsindən asılı olmayaraq, hamı Zəfər uğrunda səfərbər oldu, vətənin müsəlləh əsgərinə çevrildi.
Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır!" haqq nidasına yer-yerdən hay verən xalqımızın on minlərlə igid övladı könüllü olaraq orduya yazılmaq üçün müraciət etdi.
Qarabağ uğrunda gedən savaş günlərində cəbhəyə doğru yola çıxan sovqat karvanlarının ucu-bucağı görünmədi. Qurbanlar kəsildi, çörəklər bişirildi, corablar, şərflər toxunuldu, arxa cəbhədən ön cəbhəyə dəstək məktublarının arası kəsilmədi. O 44 gündə Azərbaycan xalqı torpaqlarımızın yağı tapdağından azad olunması, düşmənə qarşı savaşa atılan cəsur oğullarımızın sağ-salamat qayıtmaları üçün əl açıb Allaha dualar etdi.
Tək ölkəmizin daxilində deyil, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız da ərazilərimizin azad edilməsi üçün aparılan haqq savaşı uğrunda birləşdilər.
Bir sözlə, yer üzündəki azərbaycanlılarının ürəyi bir olub sadəcə Qarabağ üçün döyündü. Ulu Azərbaycan xalqı ana Vətən qarşısındakı sınağından da bu birliyi sayəsində üzüağ, başıuca çıxdı.
O 44 günün hər birində Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qələbə müjdələri alan həmvətənlərimizin qürurdan ürəyi dağa döndü.
Azərbaycançılıq məfkurəsi
Dünya Azərbaycan xalqının böyük olduğunu İkinci Qarabağ müharibəsində göstərdiyi həmrəylik sayəsində əyani şəkildə gördü. Vətən savaşında bir amal ətrafında tarixin heç bir dönəmində olmadığı kimi birləşən xalqımız həm ön səngərdə düşmənlə çarpışdı, həm də arxa cəbhədə haqq mübarizəmizə dəstək verdi. Milli birliyimiz bizi qələbəyə yetirdi və bu Zəfər abidəsinin ucaldılmasında Odlar yurdunun hər bir övladının zərrə də olsa payı oldu.
Bütün bunlar isə vaxtilə Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu azərbaycançılıq məfkurəsinin, həmrəyliyin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilərək öz məntiqi zirvəsinə çatdırılmasının təntənəsi idi.
2001-ci il noyabrın 10-da Dünya Azərbaycanlılarının I Qurultayında "...hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!", - deyə qürur hissi ilə dünyaya hayqıran Ulu Öndər Heydər Əliyevin dillər əzbərinə çevrilən bu ifadəsi, sözün əsl mənasında, dünyadakı bütün azərbaycanlıları birləşdirən ümumi ideyaya çevrildi.
Həmin tarixi qurultayda Ulu Öndər Heydər Əliyev vurğulamışdı ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm ölkəmizdə, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik: "Biz formalaşırıq, müstəqilliyimiz möhkəmlənir, xarici ölkələrdə yaşayan azərbaycanlılar daha sürətlə təşkilatlanır və bizim hamımız birlikdə azərbaycançılığı yaşadacağıq, daimi edəcəyik, əbədi edəcəyik".
Milli birlik günü
Ötən müddətdə dövlətimiz tərəfindən milli həmrəyliyin inkişafı istiqamətində ardıcıl olaraq mühüm qərarlar verilib, qanunlar qəbul edilib.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərar qəbul edib. Həmin vaxtdan bütün dünyada azərbaycanlılar bu günü böyük qürurla bayram edirlər.
Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak edib. Həmin qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülüb. 5 iyul 2002-ci ildə Heydər Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb.
Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi, dövlət başçısının 2018-ci il 5 iyul tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının II Qurultayı Prezident İlham Əliyevin sərəncamına əsasən, 2006-cı ildə, III Qurultayı 2011-ci ildə, IV Qurultayı isə 2016-cı ildə keçirilib.
Qələbəyə layiq xalq
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 2020-ci ildə cəmi 44 günə torpaqlarımızın 30 illik işğalına son qoydu. 2023-cü ildə isə cəmi 23 saata Xankəndidə bayrağımız əbədi dalğalandırılaraq suverenliyimiz tam təmin edildi. Bununla da qələbəmizin nidası qoyuldu.
Qarabağda illərlə kök salmış şeytan yuvası dağıdıldı. Xalqımıza faciələr, soyqırımları yaşadan erməni quldurları, hərbi cinayətkarlar layiqli cəzalarını almaları üçün hazırda Azərbaycan qanunları ilə mühakimə edilirlər.
"Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də - dövlət başçısı seçilməsinin 20 ilinin tamamında Xankəndi şəhərində Azərbaycan bayrağını təntənəli şəkildə ucaldan zaman etdiyi çıxışla xalq olaraq gəldiyimiz Zəfər yolunun məntiqi zirvəyə yetişməsinin müjdəsini çatdırdı.
Bu tarixi qələbələrimizin siyahısına 2024-cü ilin mayında daha biri əlavə olundu. Qalib Lider İlham Əliyevin bir tələbi ilə Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycana qaytarıldı. Düşmən tapdağından azad edilən həmin kəndlərin sakinləri də məcburi köçkünlükdən qurtuldular.
Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdışı milli hədəfimiz kimi müəyyənləşdirən Prezident İlham Əliyevin şəxsi nəzarəti altında o ərazilərdə dünyada bərabərinə rastlanmayan tikinti-quruculuq işləri görülür. "Ağıllı" kənd və şəhərlər salınır, yollar, tunellər, beynəlxalq hava limanları tikilib istifadəyə verilir. Uşaq bağçaları, məktəblər fəaliyyətə başlayır. Qarabağ Universitetinin timsalında o ərazilərə elmimiz də qaytarılıb. 30 il ərzində düşmənin vəhşicəsinə dağıtdığı, təhqir etdiyi müqəddəs dini ocaqlarımız Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Bərpası uğurla yekunlaşdırılan məscidlərimiz bir-bir istifadəyə verilir, Qarabağ və Şərqi Zəngəzurdan yenidən müqəddəs azan sədası ucalır. Kompleks işlər gerçəkləşdirilən yurdlarımıza 2022-ci ilin yayından etibarən uğurlu qayıdış həyata keçirilir. İndiyə qədər minlərlə ailə dədə-baba torpağına qovuşmağın sevincini yaşayıb.
Sadaladığımız bütün bu böyük zəfərlərin təməl gücünü xalqımızın dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşərək həmrəylik göstərməsi təşkil edir.
Haqq səsimiz dünyada
Ötən 21 ildə Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində milli birliyimiz daha da möhkəmlənib, güclənib. O cümlədən dünyada yaşayan soydaşlarımızın öz tarixi vətənləri Azərbaycanla əlaqələri heç zaman itməyib. Əksinə, xaricdəki həmvətənlərimiz Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, bir növ Azərbaycanın o ölkələrdə elçiləri olublar. İkinci Qarabağ müharibəsində dünyada yaşayan azərbaycanlıların torpaqlarımızın azadlığı uğrunda informasiya cəbhəsində necə fəal mübarizə apardıqlarına əyani şahidlik etməyimiz də bu soydaşlarımızın Vətənin dar günündə Azərbaycanın haqq səsinə çevrilməyi bacarmalarının təzahürü oldu.
Vətən müharibəsinin 44 günündə diaspor təşkilatlarımızın dünyanın 30-dan çox ölkəsində keçirdikləri 200-dək aksiyada 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdilər. Eyni zamanda müharibə günlərində 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdilər.
Buna görə idi ki, 2022-ci il aprelin 22-23-də dünya azərbaycanlılarının V qurultayı məhz Qarabağın ürəyi Şuşada keçirildi. Zəfər titullu qurultayda 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etdi. İkinci Qarabağ müharibəsində yüksək təşkilatlanma və birlik nümayiş etdirən, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində aktiv iş həyata keçirən diasporumuz Qarabağın və Şərqi Zəngəzurun azad olunmasından sonra ilk böyük görüşlərini mədəniyyət paytaxtımız Şuşada keçirməklə həmrəyliyimizi bir daha göstərdilər.
"Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır", - deyə qurultayda geniş nitq söyləyən Prezident İlham Əliyev xüsusi qeyd etmişdir ki, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir.
Bizi birləşdirən amal
"Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır...
...İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var..."
Bu il Prezident İlham Əliyevin andiçmə mərasimində qürurla səsləndirdiyi kimi, həmrəylik, milli birlik bünövrəsi üzərində möhtəşəm Zəfər qalası ucaldan Azərbaycan xalqı məğlubiyyət damğasından qurtulub, qalib millətə çevrilib. Parlaq zəfərimiz dünya azərbaycanlılarının fəxr mənbəyidir.
Azərbaycan tarixinin ən şanlı salnaməsini yazmağa vəsilə olan bu həmrəyliyin doğurduğu qürurlu nəticələrlə əsrlər sonra da xalqımız iftixar hissi duyacaq.