
12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası Gününün qeyd edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbul edilməsinin Azərbaycanın milli dövlətçiliyi tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq və bu tarixin təntənəli surətdə qeyd olunması zərurətini təsdiqləyərək qərara alıram:
1. Noyabr 12-də Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi günü təntənəli surətdə qeyd edilsin:
2. Bu məqsədlə:
- şəhərlər, qəsəbələr və kəndlər Azərbaycan Respublikasının dövlət bayrağı ilə bəzədilsin və bayram tədbirlərinin keçirilməsi təmin edilsin:
- kütləvi informasiya vasitələrində müstəqil Azərbaycanın ilk Konstitusiyasının mahiyyətini işıqlandıran materialların dərc olunması təmin edilsin:
- elm və təhsil müəssisələrində Konstitusiyanın öyrədilməsi və izahı ilə bağlı elmi-nəzəri konfransların və digər tədbirlərin keçirilməsi tövsiyə olunsun.
3. Bu fərmanın ikinci bəndində nəzərdə tutulan tədbirlərin keçirilməsi müvafiq olaraq şəhər, rayon icra hakimiyyətinin başçılarına. Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə. Təhsil Nazirliyinə. Azərbaycan Respublikasının Elmlər Akademiyasına. Mətbuat və İnformasiya Nazirliyinə. Mədəniyyət Nazirliyinə tapşırılsın.
4. Müəyyən edilsin ki, hər il 12 noyabr - Konstitusiya Günü kimi qeyd edilərkən bu fərmanda göstərilən tədbirlərin keçirilməsi təmin olunur.
5. Bu fərman imzalandığı gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri. 1 noyabr 1996-cı il.
