Konstitusiya və Suverenliyin Zəfəri

Hərbi and. - 2025.- 18 aprel. - № 13. - S. 11.

 

“Konstitusiya və Suverenlik İli” Azərbaycanın inkişafında mühüm mərhələ olacaq

 

Əlirza Həsənov,

Tərtər Hərbi prokurorluğunun müstəntiqi, ədliyyə leytenantı

 

Qalib Azərbaycan öz uğurları ilə dünyanın diqqətindədir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizi zirvələrə ucaldır, yeni-yeni hədəfləri reallığa çevirməklə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını qürurlandırır.

Azərbaycanın sözü imzası qədər dəyərlidir, iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Ümummilli lider Heydər Əliyev Azərbaycanı məhz belə özünəgüvənli, müstəqil siyasət yürüdən və bunların fonun­da ərazi bütövlüyünü, suverenliyini tam təmin edən ölkə olaraq görmək istəyirdi. Buna nail olmaq üçün möhkəm təməl yaratdı. Azərbaycanın hər bir vətəndaşı bu günümüzün reallıqlarına görə ümummilli lider Heydər Əliyevə borcludur. 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qur­tardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən et­di.

Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi, işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri böyük səylərin, qətiyyətin, dəyişməz mövqeyin, ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətin nəticəsidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siya­sətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tə­ləblərinə, öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Dövlət başçısı İlham Əliyevin Sə­rəncamı ilə hər ilin konkret bir sahənin adı ilə bağlı olması, yaxud əlamətdar günləri, ölkəmizin həya­tında mühüm rol oynayan hadisələ­ri özündə ehtiva etməsi hərtərəfli inkişafın prioritetliyini təsdiqləyir. Azərbaycanda bu il "Konstitusiya və Suverenlik İli” elan edildi.

Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq imzalanan sənəddə qeyd olunduğu kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzilfər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyi­ni, mübarizə ruhunu qoruyub saxla­mış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında döv­lət müstəqilliyini bərpa etmişdir.

2023-cü il 15 oktyabr Azərbaycanın tarixinə suverenliyimizin tam bərpa edildiyi gün olaraq düşdü. Bu tarixi Prezident İlham Əliyev və onun qurduğu Azərbaycan Ordusu yazıb. Düz iki əsr sonra ilk dəfə məğlubiyyət sindromu qırıldı, tarixi ədalət bərpa olundu. Ali Baş Ko­mandan İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçiləndə torpaqlarımızın azad olunacağını, ərazi bütövlüyümüzün və suverenliyimi­zin bərpa ediləcəyini bəyan etmişdi. Tarix təsdiqlədi ki, Azərbaycan Lideri o vaxt vəd vermirdi, əslində hədəfi göstərirdi və ölkəyə rəhbərlik etdiyi dövrdə bu müqəddəs məq­sədə nail olmaq uğrunda durmadan çalışırdı. Dövlətimizin başçısı qüdrətli Ordu yaratdı, iqtisadi müstəqilliyə nail oldu, Azərbaycam dünya siyasətində qərarverici mövqeyə çıxardı. Eyni zamanda bütün bunların fonunda işğalçı Ermənistanı siyasi və iqtisadi layihələrdən kənarda saxlamağa nail oldu. Əgər Birinci Qarabağ müharibəsində beynəlxalq şərtlər işğalçının xeyrinə idisə, Prezident İlham Əliyev bu şərtləri Azərbaycanın lehinə dəyişdi və bu­na dərin zəkası, strateji düşüncə qabiliyyəti ilə nail oldu. Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan dövlətini qüdrətli, 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib ölkəyə çevirərək ata və­siyyətini şərəflə yerinə yetirdi. Cənab Prezidentin çoxəsrlik dövlətçilik tariximizin bənzəri olmayan fəaliyyətinin 21 illik dövrü Azərbayca­nın tərəqqi, yüksəliş, zəfər salnaməsidir.

Prezident İlham Əliyev deyib: ”Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yarada­raq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmaya­raq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Bu illərdə ölkəmizin sabit və təhlükəsiz inkişafı, dünyanın ən islahatçı dövlətinə, enerji təhlükəsizli­yinin etibarlı tərəfdaşına çevrilməsi, kosmik kluba daxil olması, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü, ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi, humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi ölkə Prezidentinin yorulmaz fəaliy­yətinin əyani təcəssümüdür. Eyni zamanda respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dövlətimizin başçısına güclü dayaq və dəstək olaraq ölkəmizin hərtərəfli tərəqqisi naminə mühüm töhfələr verir.

Bu gün hər birimiz müasir müstə­qil Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyin­dən, sözünün imzası qədər əhəmiyyətli olmasından qürur hissi ilə söhbət açırıq. Ölkəmizin hazırkı və­ziyyətini müstəqilliyimizin bərpası­nın ilk illəri ilə müqayisə etdikdə qazandığımız uğurlara görə kimə borclu olduğumuzu bir daha aydın şəkildə dərk edir, bunu gənc nəslə çatdırmağı qarşımızda məqsəd qoyur və özümüzə borc bilirik.

Azərbaycan Respublikasında suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın rifahı üçün zə­min yaradır. Ölkəmizdə 2025-ci ilin ’’Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə yönəlik strateji mahiyyətini daha da ön plana çıxarır.

Dövlətimizin müstəqillik tarixinin mühüm hadisələrindən olan əsas qanun məhz ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanmışdır. 1995-ci il noyabrın 12- də ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə yol açmışdır. Əsas Qanunda cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilmişdir. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müda­fiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik öz əksini tapmışdır. Ölkənin Əsas Qanununun milli dövlətçi­lik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq ulu öndər Heydər

Əliyev tərəfindən imzalanan 1 noyabr 1996-cı il tarixli Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.

Dövlətimiz ildən-ilə güclənərək inkişafının yüksək tərəqqi ilə xarakterizə olunan, keyfiyyətcə yeni döv­rünü yaşayır. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən effektiv dövlət idarəçiliyi, həmçinin təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində görülən tədbirlər, ümumilikdə, müstəqil­liyimizin daha da möhkəmləndirilməsini təmin edib. Ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bir sıra irimiqyaslı layihələr nəinki təkcə Azərbaycanın, eyni zamanda ümu­milikdə, regionun təhlükəsizliyinə və iqtisadi inkişafına öz mühüm və əvəzsiz töhfəsini verir.

Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi qarşıda duran ən mühüm və prioritet vəzifələrdəndir. Qarabağ və Şərqi Zəngə­zurda genişmiqyaslı quruculuq proqramı həyata keçirilir, bərpa və yenidənqurma işləri sürətlə və planlı şəkildə davam etdirilir, müasir standartlara cavab verən infrastruktur formalaşdırılır. İşğal illərində tamamilə viran qoyulmuş kənd, qəsəbə və şəhərlər tamamilə yenidən qurulur, doğma torpaqlarımıza həyat qayıdır. Həyata keçirilən bütün bərpa və yenidənqurma Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin tə­min edilməsinin daha bir əyani göstəricisidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə inkişafın mühüm mərhələsi gözləyir.

Prezident İlham Əliyevin 2025-ci ili ’’Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçi­lik ənənələrini daha da möhkəm­ləndirmək, xalqın hüquq və azadlıq­larının təmin olunmasına dair öhdə­likləri vurğulamaq məqsədi daşıyır. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır. Ötən dövrdə olduğu kimi, cari il ərzində həyata keçiriləcək genişmiqyaslı islahatlar da Azərbaycan xalqının hüquqi dövlət quruculuğu yolunda irəliləməsinə zəmin yara­dacaq. Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. İnanırıq ki, "Konstitusiya və Suverenlik İli” cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək.