Respublika. - 2025.- 12 iyun. - № 119. - S. 4.
Konstitusiya və suverenlik xalqımızın milli sərvətidir
Ramil Əliyev,
Bakı Şəhər Prokurorluğunun Təşkil və icraya nəzarət şöbəsinin rəisi, ədliyyə müşaviri
Vətən müharibəsində Ermənistan üzərində qazanılan tarixi Qələbədən sonra ölkəmiz dünyanın sayılıb-seçilən dövlətlərindən birinə və beynəlxalq aləmdə söz sahibinə çevrilib. Bu Qələbə təkcə Ermənistan üzərində deyil, işğalçı ölkəyə himayədarlıq edən ermənipərəst dövlətlər və ikili standartlardan əl çəkməyən bir sıra beynəlxalq təşkilatlar üzərində də qazanıldı. Hazırda dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycanın ərazi bütövlünü və suverenliyini qəbul etməsi, bu tarixi Zəfəri haqq-ədalətin bərpası kimi dəyərləndirmələri Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti sayəsində Azərbaycanın dünya birliyindəki reytinqi getdikcə yüksəlir və mövqeyi daha da möhkəmlənir. Hər il Qələbə bayramında Azərbaycan Prezidentinə dünyanın müxtəlif ölkələrinin rəhbərlərindən ünvanlanmış saysız-hesabsız təbriklər də bu reallığın qəbul edilməsindən xəbər verir.
Azərbaycan tarixinə əbədi həkk olunmuş şanlı Zəfər yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun Ermənistanın 30 illik işğalına son qoyması, torpaqlarımızı düşmən tapdağından azad etməsi ərazi bütövlümüzün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpası qürurverici hadisədir.
Müharibədən bir həftə sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma və bərpa işlərinə start verilməsi, bununla əlaqədar bir sıra obyektlərin təməlinin qoyulması, bir müddət sonra artıq keçmiş məcburi köçkün soydaşlarımızın ata-baba yurdlarına qayıdışına başlanılması və iqtisadi inteqrasiya layihələrinin reallaşdırılması suveren dövlət anlayışının real təcəssümü oldu. Bu işlərin getdikcə daha da intensiv xarakter alması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dünyada qəbul olunmasından xəbər verir. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması hər birimizi, o cümlədən dünya azərbaycanlılarını qürurlandırır. Qalib Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tutması baxımından mühüm əhəmiyyət kəsb edir.
1991-ci il oktyabrın 18-də qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan rəsmən müstəqil dövlət statusunu bərpa etdi. Heç bir dövlətdən asılı olmayan, azad, müstəqil və suveren, milli-mənəvi dəyərlərə, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş demokratik cəmiyyət qurmaq əsrlər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. XX əsrin əvvəllərində - 1918-ci ilin mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan xalqı müəyyən obyektiv və subyektiv səbəblərdən bu sevinci uzun müddət yaşaya bilmədi. Həmin dövrdə özünü müstəqil dövlət kimi elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay olmuşdur. Buna baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, azad, suveren dövlət qurmaq arzusu ilə mübarizə apararaq öz ideallarına, adət-ənənələrinə həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı respublikamızda yeni mərhələnin əsasını qoydu. Lakin həmin dövrdə hakimiyyəti qeyri-sivil yolla ələ almış qüvvələrin dövlət idarəçiliyindəki naşılığı müstəqilliyimizi addım-addım uçuruma yaxınlaşdırırdı. Hətta Müstəqillik Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətdə olanların yarıtmaz fəaliyyəti, daxili qarşıdurma həyatın bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın, xaosun yaranmasına gətirib çıxarmışdır. O vaxt özbaşınalıq, mənəm-mənəmlik o həddə çatmışdır ki, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. 1993-cü ildə xalqın təkidli xahişi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycnda siyasi hakimiyyətə qayıdışından sonra həyat tədricən öz axarına düşmüşdür.
Müdrik şəxsiyyət ölkəyə rəhbərliyə başladığı ilk gündən Azərbaycanın dövlət müstəqilliyinin qorunması və sabitliyin təmin edilməsi istiqamətində qətiyyətli və cəsarətli addımlar atdı. Ulu öndər özünün müdrik siyasəti, polad iradəsi və düzgün müəyyənləşdirdiyi siyasi kurs sayəsində müstəqilliyini bərpa etmiş Azərbaycanı Xalq Cümhuriyyətinin taleyini yaşamağa imkan vermədi və xalqın qanı bahasına qazanılmış müstəqilliyi qoruyub saxladı. Prezidentin apardığı siyasət və həyata keçirdiyi tədbirlər Azərbaycanın dövlət müstəqilliyini günü-gündən möhkəmləndirir və yüksəklərə qaldırırdı. Ulu öndərin qətiyyətlə səsləndirdiyi "Azərbaycanın dövlət başçısı kimi mən deyirəm, bilin, - bundan sonra Azərbaycan heç kəsdən asılı, heç kəsin vassalı olmayacaqdır. Ancaq özü öz taleyini hər gün həll edəcək və öz gələcəyini müəyyənləşdirəcəkdir. Azərbaycan müstəqil, sərbəst qalacaqdır" - fikirləri hər bir vətəndaşın gələcəyə olan inamını daha da möhkəmləndirdi.
Dövlət idarəçiliyində zəngin təcrübəsi olan Ümummilli Lider müstəqilliyimizin qorunub saxlanılması ilə yanaşı, yeni Konstitusiyanın qəbul olunmasını prioritet vəzifə kimi qarşıya qoymuşdu. Müdrik şəxsiyyət bütün çıxışlarında deyirdi ki, hər bir müstəqil ölkə özünün Konstitusiyası ilə idarə olunmalıdır. Ona görə də mütləq müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunmalıdır.
Dövlətin əsasları, insan və vətəndaş hüquq və azadlıqları, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, o cümlədən dövlət həyatının digər zəruri məsələləri Konstitusiya ilə müəyyənləşdirilməlidir. Məhz bu baxımdan Əsas Qanunun qəbul edilməsi hər bir dövlətin həyatında mühüm ictimai-siyasi hadisə hesab olunur. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsi hazırlanmış, dəfələrlə müzakirələr aparıldıqdan sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi. Konstitusiya layihəsi hazırlanarkən dünya konstitusiya təcrübəsindən daha çox istifadə olunmuşdur. Buna baxmayaraq, bizim Konstitusiyamız Azərbaycan Respublikasının tarixi ənənələrini, xüsusiyyətlərini özündə əks etdirmişdir. Bunlarla yanaşı, layihədə, ümumiyyətlə, ölkəmizin bugününü, gələcəyini təmin etmək üçün mühüm prinsiplər yer almışdır. Bu baxımdan Ulu öndərin müəllifi olduğu Konstitusiya öz məzmun və mənasına görə demokratik prinsipləri özündə tam əks etdirən çox dəyərli, heç bir başqa dövlətin Konstitusiyasına bənzəməyən Əsas Qanundur. Ulu öndər qətiyyətlə bildirmişdir: "Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm".
Müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi xalqımızın tarixində ən parlaq səhifələrdən biri oldu. O vaxtdan etibarən respublikada müstəqil dövlət təsisatları formalaşmış, demokratik, sivil və hüquqi inkişafın keyfiyyətcə yeni mərhələsinin əsası qoyulmuşdur. Konstitusiyanın 158 maddəsindən 48-i, başqa sözlə, üçdə biri insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmişdir. Ulu öndər bütün çıxışlarında, ictimaiyyətin nümayəndələri ilə görüşlərində qəti olaraq bildirirdi ki, hər bir şəxs Konstitusiyaya və qanunlara əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. Məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir. Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır. Hər bir vətəndaşın Konstitusiyasıdır.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi digər sahələrdə olduğu kimi, hüquq-mühafizə orqanları qarşısında da mühüm vəzifələr müəyyənləşdirdi, o cümlədən prokurorluq orqanlarında əsaslı islahatlara start verildi. Həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu müasir dövlət təsisatına çevrildi. Ölkədə hüquq sisteminin müasirləşdirilməsi, vətəndaşların prokurorluq orqanlarına müraciət imkanlarının asanlaşdırılması Ulu öndərin qarşıya qoyduğu prioritet vəzifələrdən biri idi. Respublika Prokurorluğunun fəaliyyətinin daha səmərəli şəkildə təşkil olunması, müasir standartlara və müvafiq beynəlxalq konvensiyaların tələblərinə cavab verməsi məqsədilə də mühüm addımlar atılmışdır. Bununla yanaşı, prokurorluq orqanlarının fəaliyyətini özündə ehtiva edən bir sıra mühüm əhəmiyyətli qanunvericilik aktları da qəbul olunmuşdur.
Həmin vaxtdan başlayaraq prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün bir-birininin ardınca beynəlxalq standartlara cavab verən qanunlar qəbul edildi. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında" və digər qanunvericilik aktlarının qəbul edilməsi, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamə və digər normativ sənədlərin təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni mərhələyə yüksəldi. "Məhkəmələr və hakimlər haqqında" və "Konstitusiya Məhkəməsi haqqında" qanunlar da xüsusi qeyd olunmalıdır. "Konstitusiya Məhkəməsi haqqında" qanun ölkəmizin məhkəmə sistemində tamamilə yeni bir orqanın - başlıca məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsindən ibarət olan Konstitusiya Məhkəməsinin təşkili və fəaliyyəti üçün mühüm hüquqi baza oldu.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ökəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar olaraq müxtəlif illərdə Konstitusiyaya 3 dəfə əlavə və dəyişikliklər edilərək daha da təkmiləşdirilib. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının gücləndirilməsi, ali dövlət, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə həmçinin vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən irəli gəlir.
Konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amili, milli sərvətidir. Bu sərvətləri bizə Azərbaycanda müstəqilliyə aparan yolun əsasını qoymuş Ulu öndər Heydər Əliyev və müdrik şəxsiyyətin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev bəxş edib. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın müstəqilliyi əbədiyyətə çevrildi. Artıq iyirmi iki ildir ki, Prezident Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulub və beynəlxalq aləmdə söz sahibinə çevrilib. Möhrtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Artıq Azərbaycan suveren, bütün ərazisinin tam sahibi olan müstəqil qalib dövlətdir.
Bu gün müstəqil Azərbaycan, onun lideri cənab İlham Əliyev xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha qətiyyətlə, prinsipiallıqla davam etdirir. Xalqımız bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində şanlı Qələbəmizin 5-ci ildönümü kimi tarixi günləri təntənə ilə keçirməyə hazırlaşır. Ölkəmiz Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma, bərpa və quruculuq Azərbaycanın iqtisadi, hərbi və siyasi qüdrətini bir daha dünyaya nümayiş etdirir.