Konstitusiya və Suverenliyin Zəfəri

Respublika. - 2025.- 23 aprel. - № 80. - S. 1,10.

 

Laçın sərhəd-buraxılış məntəqəsi – regional təhlükəsizlik paradiqması

 

Nurlan Abdalov

 

Azərbaycan şanlı 44 günlük Vətən müharibəsində həm hərbi cəbhədə, həm də siyasi meydanda əhəmiyyətli üstünlük qazandı. Bu müharibə 30 ilə yaxın davam edən beynəlxalq hüququn pozulması faktını aradan qaldırdı və Azərbaycanın suveren hüquqlarının bərpasını təmin etdi.

 

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən tədbirlər fiziki dağıntıların bərpası ilə yanaşı, milli kimliyin və ərazi bütövlüyünün simvolik və real şəkildə yenidən qurulması prosesidir. Hazırda bu ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa proqramları icra olunur.

Dağıdılmış yaşayış məntəqələri müasir urbanizasiya prinsiplərinə əsaslanaraq yenidən salınır, nəqliyyat və enerji infrastrukturu qurulur, beynəlxalq hava limanları, məktəblər, xəstəxanalar və sosial obyektlər tikilir. Proses geoiqtisadi və geosiyasi baxımdan da strateji əhəmiyyət daşıyır. Belə ki, Qarabağın reabilitasiyası regionda Azərbaycanın siyasi təsir dairəsini daha da gücləndirir və onu Cənubi Qafqazda dayanıqlı inkişafın əsas aktoruna çevirir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı isə etnik təmizləmənin nəticələrinin aradan qaldırılması və sosial ədalətin bərpası baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, həm də Azərbaycanın humanist siyasətinin göstəricisidir.

Lakin əldə olunan bu qələbənin doğurduğu geosiyasi reallıqları qəbul etmək istəməyən qüvvələr hələ də mövcuddur. Ermənistan hakimiyyəti və onu dəstəkləyən bəzi dairələr yeni dövrün reallıqları ilə barışmaq əvəzinə, hələ də köhnə düşüncə stereotipləri ilə hərəkət edirlər. Revanşist ritorikalar, ərazi iddiaları və müxtəlif beynəlxalq tribunalarda Azərbaycanın əleyhinə aparılan təbliğat kampaniyaları regional sülhə və əməkdaşlığa qarşı yönəlmiş destruktiv davranış nümunələridir. Bu cür yanaşmalar bütövlükdə regionun inkişafı üçün risklər yaradır. Yeni müharibə təhlükəsinin qapanmadığı bir şəraitdə Azərbaycanın sülh təşəbbüslərinə rəğmən, qeyri-konstruktiv mövqe tutmaq həm hüquqi, həm də siyasi baxımdan perspektivsizdir.

2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanat Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik arxitekturasının əsasını qoydu və hərbi əməliyyatların dayandırılması ilə yanaşı, tərəflərə konkret hüquqi və siyasi öhdəliklər də müəyyənləşdirdi. Mahiyyət baxımından bu sənəd Ermənistan üçün faktiki kapitulyasiya aktı rolunu oynadı. Lakin ötən müddət göstərdi ki, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə, onları ya məqsədli şəkildə gecikdirir, ya da tamamilə pozur. Bu davranış yalnız regional sabitliyi təhlükə altına atmır, eyni zamanda postmünaqişə dövrünün əsas elementlərindən biri olan qarşılıqlı etimadın formalaşmasına ciddi zərbə vurur.

Ermənistanın açıq şəkildə pozduğu müddəalardan biri də Laçın dəhlizi ilə bağlı idi. Bəyanata uyğun olaraq, bu dəhliz müstəsna şəkildə humanitar məqsədlərlə istifadə olunmalı idi. Lakin Ermənistan və onun dəstəklədiyi keçmiş separatçı rejim bu imkanlardan sui-istifadə edərək qanunsuz hərbi yüklərin daşınması, canlı qüvvənin keçidinin təşkili və Azərbaycanın daxili işlərinə müdaxilə məqsədi ilə dəhlizi bir növ hərbi-siyasi alətə çevirdi. Bu vəziyyət regionda yenidən silahlı qarşıdurma riskini artırmaqla yanaşı, Azərbaycanın milli təhlükəsizliyi üçün real təhdid idi. Bütün bu qeyri-qanuni fəaliyyətlər və beynəlxalq hüququn prinsiplərinə zidd davranışlar fonunda Azərbaycanın daha ciddi və hüquqi cəhətdən əsaslandırılmış cavab tədbirləri görməsi zərurətə çevrildi. 2023-cü il aprelin 23-də Azərbaycan strateji və prinsipial mövqe nümayiş etdirərək Laçın-Xankəndi yolunun başlanğıc nöqtəsində - Ermənistanla sərhəddə Həkəri çayı üzərindəki körpüdə sərhəd-buraxılış məntəqəsinin yaradılmasına qərar verdi. Bu, texniki-logistik tədbir olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını beynəlxalq hüquqa tam uyğun şəkildə reallaşdırmasının növbəti təsdiqi idi. Beləliklə, Azərbaycan öz ərazisində nəzarət funksiyalarını bərpa etməklə həm də regionda təhlükəsizlik arxitekturasının vacib sütununu formalaşdırdı.

Laçın dəhlizinə nəzarətin qurulması üçtərəfli Bəyanatın tələblərinə uyğun şəkildə atılmış adekvat addım idi. Lakin Ermənistan və onu dəstəkləyən dairələr bu hüquqi və legitim addımı həzm edə bilmədilər. Rəsmi İrəvan və bəzi xarici dairələr Azərbaycanı guya sərhəddə gərginlik yaratmaqda, bölgədə humanitar böhrana səbəb olmaqda ittiham edərək məsələni siyasi manipulyasiya predmetinə çevirməyə çalışdılar. Bu cəhdlərin məqsədi aydın idi. Uzun illər boyunca aparılmış təcavüzkar siyasəti ört-basdır etmək, separatizmi müdafiə edən ritorikanı humanitar şüarlarla pərdələmək və Azərbaycanın haqlı suverenlik tədbirlərini qeyri-qanuni təqdim etmək.

Sərhəd-buraxılış məntəqəsinin yaradılması Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin təmin olunması baxımından vacib addım kimi qiymətləndirilməlidir. Bu, həm də Azərbaycanın ərazi bütövlüyünün vahidliyini və bölünməzliyini bildirən əsas hüquqi və fiziki aktdır. Nəzarət məntəqəsinin yaradılması, eyni zamanda yaxın perspektivdə bölgədəki keçmiş separatçı silahlı birləşmələrin tərk-silah olunması və ərazidən çıxarılması baxımından da həlledici rol oynayırdı. Amma bəzi şər qüvvələr beynəlxalq platformalarda Azərbaycanın legitim addımlarını gözdən salmaq məqsədilə sistemli dezinformasiya kampaniyası apardılar. Bu kampaniyanın əsas tezisləri guya Azərbaycanın Qarabağda yaşayan ermənilərə qarşı "humanitar blokada" tətbiq etdiyi, bölgədə "aclıq", "dərman çatışmazlığı" və digər "böhran vəziyyətləri"nin yaşandığı iddialarına əsaslanırdı. Lakin bu iddiaların heç biri obyektiv reallıqla və faktlarla üst-üstə düşmürdü. Beynəlxalq müşahidəçilərin və regiona səfər edən diplomatların əksəriyyəti bu cür manipulyativ iddiaların əsassız olduğunu birbaşa yerində görərək təsdiqlədilər. Əslində, bu cəhdlər Ermənistan tərəfinin uzun illər boyu həyata keçirdiyi təcavüzkar siyasəti yeni informasiya formatında davam etdirmək cəhdi idi. "Humanitar böhran" ritorikası vasitəsilə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq və ölkəyə qarşı siyasi təzyiq formalaşdırmaq istəyi geopolitik manipulyasiya taktikasının nümunəsidir. Lakin bu təbliğat müharibəsi istənilən nəticəni vermədi.

Azərbaycan həm faktlar, həm də hüquqi əsaslar baxımından mövqeyini qətiyyətlə müdafiə etdi. 2023-cü il 6 iyul tarixində Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi yekdil qərar xüsusilə diqqətəlayiqdir. Belə ki, Ermənistanın Azərbaycan tərəfindən yaradılmış Laçın nəzarət-buraxılış məntəqəsinin ləğvi ilə bağlı məhkəməyə təqdim etdiyi müvəqqəti tədbir tələbi rədd edilmiş və bununla da Azərbaycanın həmin ərazidə həyata keçirdiyi tədbirlərin beynəlxalq hüquqa uyğunluğu təsdiqlənmişdir. Qərar Ermənistanın "Laçın keçid məntəqəsi qanunsuzdur" iddiasının əsassız və siyasi motivli olduğunu qəti şəkildə ortaya qoydu. Bununla belə, Ermənistan və onun diplomatik tərəfdaşı olan Fransa hüquqi qərarı nəzərə almadan beynəlxalq platformalarda siyasi təxribatları davam etdirməyə çalışırdı. 2023-cü il avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Ermənistanın təşəbbüsü ilə keçirilən və guya Laçın yolunun "bağlanması" nəticəsində Qarabağ bölgəsində "humanitar böhran"ın yaşandığını iddia edən təcili iclas da bu cəhdlərin tərkib hissəsi idi. Lakin iclas zamanı təqdim edilən arqumentlər hüquqi əsaslardan çox uzaq idi və Ermənistanın siyasi manipulyasiyası istənilən nəticəni vermədi. Fransa isə prosesdə "humanitar yardım" adı altında regiona qeyri-transparant məqsədlərlə daxil olmağa cəhd göstərdi. 2023-cü il iyulun 26-da Fransadan göndərilən 10 avtomobil Laçın istiqamətində "Spayka" adlı nəqliyyat vasitələrinin arxasında düzülsə də, bu təşəbbüs Azərbaycan tərəfindən qətiyyətlə deaktiv edildi. Rəsmi Bakı humanitar yardım adı ilə həyata keçirilən bu təşəbbüsün əslində siyasi rıçaq olduğunu, suverenliyə müdaxilə məqsədi güddüyünü əsas gətirərək bu "yardımı" Qarabağ bölgəsinə buraxmadı. Əgər doğrudan da Qarabağda yaşayan erməniəsilli əhali humanitar ehtiyac içərisindəydisə, Azərbaycan tərəfindən Ağdam-Xankəndi yoluyla göndərilən və Qızıl Aypara Cəmiyyəti tərəfindən çatdırılmaq üçün nəzərdə tutulan yardım karvanına qarşı inadkar münasibət sərgilənməzdi. Lakin keçmiş separatçı rejim və onu dəstəkləyənlər bu yardımın qəbuluna imkan vermədilər. Bu isə bir daha sübut etdi ki, onların məqsədi əhalinin rifahını təmin etmək deyil, Azərbaycanın Qarabağ bölgəsinə reinteqrasiya prosesinə qarşı çıxmaq və "humanitar böhran" ritorikası ilə beynəlxalq aləmdə təzyiq mexanizmləri formalaşdırmaqdır. Bütün bunların fonunda aydın görünür ki, Ermənistan, keçmiş separatçılar və onları himayə edən dairələr regionda uzunmüddətli sülh və sabitliyin qurulmasında maraqlı deyildilər. Əksinə, onlar humanitar mövzuları siyasi alətə çevirərək, Azərbaycanı beynəlxalq təcridə salmaq və postmünaqişə mərhələsində əldə olunan uğurları ləngitmək istəyirdilər. Ermənistanın bu cür yanaşması yalnız regionda etimadsızlıq mühitini dərinləşdirir və konstruktiv dialoqu mümkünsüz edirdi. Azərbaycan isə beynəlxalq hüququn çərçivəsində hərəkət edərək həm öz ərazi bütövlüyünü təmin etdi, həm də bölgədə real humanitar ehtiyacların ödənilməsinə dair konkret və şəffaf mexanizmlər formalaşdırdı. Bu yanaşma həm də siyasi və etik nöqteyi-nəzərdən əsaslandırılmış mövqedir.

Həmin dövrdə Azərbaycanın suverenliyinə qarşı çıxanlar bu gün məhkəmə qarşısında cavab verirlər. Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, Ruben Vardanyan və bir çox separatçı bu gün məhkəmə qarşısında cavab verirlər. 23 saatlıq antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpası regionun təhlükəsizlik dinamikasını vahid və bölünməzliyini təmin etməklə yanaşı, təqsirləndirilən şəxslərində ədalət qarşısında cavab verməsinə gətirib çıxardı. Hazırda Cənubi Qafqazda lider mövqeyə sahib olan Azərbaycanın öz suveren ərazilərində separatizmin kökü qazınıb, kənar ünsürlər məhv edilib, əmin-amanlıq və rifah diyarın hər tərəfində təmin olunub. Şübhəsiz, Ali Baş Komandan İlham Əliyevin hərbi-diplomatik çevikliyi, hadisələri düzgün analizetmə qabiliyyəti bu gün Zəfərimizin əbədi olmasının əsas təminatçısıdır.