Konstitusiya və Suverenliyin Zəfəri

Respublika. - 2025.- 19 iyun. - № 124. - S. 9.

 

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikası Konstitusiyasının müasir dövrümüzdə inkişaf perspektivləri

 

Günel Məmmədova,

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin kadrlar üzrə mütəxəssisi

 

Dünya miqyasında ictimai-siyasi və görkəmli dövlət xadimləri arasında böyük nüfuz sahibi olan, müasir tariximizdə misilsiz xidmətləri ilə iz qoyan Ümummilli Lider Heydər Əliyev dövrünün ən qabaqcıl simalarından biri olmuşdur. Yüksək intellekti, idarəçilik qabiliyyəti, uzaqgörən siyasəti, kritik məqamlarda mühüm strateji qərarlar vermək, saf və təmiz vicdanla xalqa xidmət etmək ulu öndərin xarakterinin üstün keyfiyyətləri idi. Hər bir vətəndaşın yanında olmaq, qayğısına qalmaq dahi liderin həyat prinsipləri və devizi olmuşdu. Ümummilli Lider millətini və dövlətini sevən və ona sadiq qalan, habelə yorulmadan xidmət göstərən müdrik dövlət xadimi olub.

 

Heydər Əliyev 1969-cu il iyul ayının 14-də sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etməyə başlayıb. 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının yeni, sayca üçüncü Konstitusiyasının qəbulunda yeni müddəaların təsbit edilməsinə nail olmuşdu. Bu normalar sosializm demokratiyasının inkişafı, cəmiyyətin ictimai-siyasi həyatının perspektivlərinin müəyyən olunması, elmi-texniki tərəqqi, iqtisadi dirçəliş, xalqın rifahının yüksəldilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ictimai təşkilatların fəallığının, xalq nəzarətinin gücləndirilməsi, aşkarlığın təmin olunması və ictimai rəyin formalaşması kimi konsepsiyalara əsaslanırdı. 1978-ci il Konstitusiyasında Azərbaycan SSR-in milli dövlət və inzibati-ərazi quruluşuna dair xüsusi bölmə var idi. Azərbaycan Respublikasının Konstitusiya praktikası tarixində ilk dəfə olaraq Ali Sovetin daimi komissiyalarının statusu müəyyən edildi. Bu komissiyalara Ali Sovetin səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilib hazırlanmasında, qanunvericilik aktlarının həyata keçirilməsində, habelə dövlət orqanlarının və təşkilatlarının fəaliyyətinə nəzarət edilməsində bir sıra imkanlar verilirdi. Çoxmillətli Azərbaycan SSR-də bütün xalqların nümayəndələri üçün optimal şərait yaradılmışdı və Konstitusiya ilə onlara bərabər təhsil və əmək hüquqları təmin edirdi. Konstitusiyaya ilk dəfə olaraq xarici siyasət və müdafiə sahəsinə dair müddəalar daxil edilmişdi. Xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də dil məsələsi idi. Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması təşəbbüsünə Ulu Öndər Heydər Əliyev şəxsən rəhbərlik etmişdi. Bu təşəbbüs Moskva tərəfindən ciddi etirazla qarşılanmışdı. Digər ittifaq respublikaları da Azərbaycan rəhbərliyini nümunə göstərərək, bənzər addımlar atmağa təşviq olunurdular. Rəsmi Moskva ilə aparılan danışıqlar olduqca gərgin keçsə də, Heydər Əliyev qətiyyətindən dönmədi. Nəticədə, 1978-ci ildə qəbul edilmiş Konstitusiyanın 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili olduğu rəsmi şəkildə təsbit olundu.

Azərbaycan SSR-in yeni Konstitusiyası Naxçıvan MSSR-in statusunu tənzimləyən iki ayrıca fəsil nəzərdə tuturdu. Vurğulanırdı ki, bu müddəalar Naxçıvan MSSR Konstitusiyası haqqında qanunvericilik qaydasında daha da inkişaf etdiriləcək və hüquqi baxımdan dəqiqləşdirilərək nizama salınacaqdır. Yeni Konstitusiya bir sıra mühüm normativ-hüquqi aktların işlənib hazırlanmasını, ilk növbədə isə Naxçıvan MSSR Konstitusiyasının qəbul edilməsini tələb edirdi. Sosializm sisteminin çökməsi ilə 1992-ci ildən etibarən formalaşmağa başlayan yeni ictimai münasibətlər Azərbaycan Respublikasında bazar iqtisadiyyatı və kapitalizm ənənələri çərçivəsində müstəqil Konstitusiyanın qəbul olunması üçün ilkin zəmin yaratdı. Məhz buna görə də ikinci dəfə müstəqil Azərbaycan Respublikasında hakimiyyətə gələn Heydər Əliyev yeni konstitusiya layihəsini hazırlayan komissiyanın sədri qismində, konstitusion müddəaların işlənib hazırlanmasında böyük rol oynamış, xüsusi komissiya tərəfindən Azərbaycan Respublikasının ilk demokratik Konstitusiyasının müddəaları hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılmışdı. Nəticədə, 12 noyabr 1995-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi və Konstitusiyanın 7-ci maddəsinin birinci hissəsinə uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublika kimi dövlət quruluşu platformasına qədəm qoydu. Azərbaycanda dövlət quruculuğunun yeni konstitusion prinsipləri, dövlət hakimiyyəti orqanlarının demokratik və hüquqi ənənələr bazasında təşkili xalqımızın çoxəsrlik tarixi inkişafının ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasında demokratik dəyərlər və insan hüquqları anlayışları digər dövlətlərdəki praktikadan müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Bu fərqlər, ilk növbədə, Konstitusiyada Azərbaycan xalqının, eləcə də burada yaşayan azsaylı xalqların milli adət-ənənələrinin, mənəvi dəyərlərinin və etik normalarının nəzərə alınması ilə bağlıdır.

Azərbaycan Respublikasında praktiki olaraq tətbiq olunan əsas institutlardan biri referendumlardır. Əslində, referendumlar Azərbaycan dövlətçiliyinin tarixində geniş inkişaf dinamikasına malik olmasa da, hazırda konstitusion referendumlar konstitusion-hüquqi müstəvidə tənzimlənən yeganə institut olaraq qalır. Azərbaycanda ilk referendum 1991-ci il martın 17-də keçirilmişdi və məqsəd SSRİ-nin qorunub saxlanması ilə bağlı müttəfiq respublikalar arasında üstünlük qazanmaq idi. Həmin il dekabrın 5-də Azərbaycan Respublikasının Ali Soveti dövlət müstəqilliyi haqqında referendumun keçirilməsi barədə qərar qəbul etdi. İkinci referendum isə 29 dekabr tarixində keçirildi və məqsəd Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması idi. Referendumda seçicilərin 99,58 faizi lehinə, 0,2 faizi isə əleyhinə səs verdi.

Hər bir xalqın tarixində onun gələcək taleyini müəyyən edən mühüm məqamlar var. Azərbaycan xalqının müasir tarixində mühüm dönüş nöqtələrindən biri də 15 İyun - Milli Qurtuluş Günüdür. Bu gün təkcə siyasi hadisə deyil, həm də dövlətçilik ənənələrinin yenidən bərpa olunması və möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ciddi daxili və xarici təzyiqlərlə üzləşmişdi. 1991-1993-cü illər ərzində ölkədə yaranmış siyasi qeyri-sabitlik, silahlı qarşıdurmalar, mərkəzi hakimiyyətin zəifləməsi, xalqla iqtidar arasında əlaqənin qırılması dövlət müstəqilliyini real şəkildə təhlükə altına almışdı. 1993-cü ilin iyun ayında vəziyyət təhlükəli həddə çatmış, hakimiyyət böhranı və vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Cəmiyyət xaos, anarxiya və qeyri-müəyyənlik içində idi. Bu çətin şəraitdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərqərar olmağa başladı, dövlət idarəçiliyində ciddi dəyişikliklər baş verdi. Qısa müddət ərzində hüquqi və siyasi islahatlara start verildi, dövlət strukturları bərpa olundu, ictimai-siyasi münasibətlərdə sabitlik yarandı. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorundu, demokratik inkişaf və hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Milli Qurtuluş Günü yalnız siyasi sabitliyin təmin olunması ilə deyil, həm də hüquqi, iqtisadi və mədəni sahələrdə dövlətin əsaslarını formalaşdırmaq baxımından əlamətdardır. Məhz bu dövrdə qəbul edilən mühüm hüquqi sənədlər - o cümlədən 1995-ci il Konstitusiyası - Azərbaycanın demokratik inkişaf yolunu müəyyən etmiş, insan hüquq və azadlıqlarının təminatı, qanunun aliliyi prinsipləri möhkəmləndirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyası ölkəni demokratik, hüquqi, dünyəvi və unitar prinsiplərə əsaslanan prezidial model kimi xarakterizə edir. Konstitusiyanın 1-ci maddəsinin I hissəsinə əsasən dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu ümumxalq suverenliyinin həyata keçirilməsi həm bilavasitə demokratiya (referendum, plebisit, ümumxalq təşəbbüsü və s.), həm də nümayəndəli idarəetmə (Milli Məclis və Prezident institutu) vasitəsilə baş tutur (maddə 2, I hissə). Xalqın suveren hüquqları Konstitusiyanın 2-ci maddəsinə uyğun olaraq, siyasi sistemin həm mənbəyi, həm də təşkilatçısı qismində müəyyən edilir. Burada xalq ali hüquqi subyekt kimi demokratik dövlət quruluşunun bazis elementini təşkil edir. Bu, həmçinin onun heç bir digər orqan və ya şəxsə suveren hüquqlarını verməməsi ilə ifadə olunur. Bu baxımdan, dövlət hakimiyyətinin mənbəyi kimi yalnız Azərbaycan xalqı çıxış edə bilər.

Azərbaycan Respublikasında bu forma xalqın ümumxalq dəyərlərinə, azadlıq və müstəqillik ənənələrinə, milli dövlətçilik məfkurəsinə söykənir. Referendum və ümumxalq təşəbbüsü kimi vasitələrlə vətəndaşların siyasi proseslərə təsiri qanunvericiliklə tənzimlənir və bu da xalq suverenliyinin əsasını təşkil edir. Konstitusiyaya görə, dövlət hakimiyyəti xalqdan qaynaqlanır və vətəndaşlar öz iradələrini müxtəlif vasitələrlə, xüsusilə də bilavasitə seçkilər yolu ilə ifadə edirlər. Demokratiyanın ikinci aparıcı forması isə xalqın adından mandat almış millət vəkilləridir ki, onlar periodik olaraq xalqı təmsil etmək səlahiyyətinə malikdirlər. 1995-ci il Konstitusiyası bilavasitə demokratiya vasitəsilə vətəndaşların maraq və tələblərini ifadə etmələrinə hüquqi zəmin yaratmışdır. Konstitusiyanın 2-ci maddəsinə əsasən, xalq öz suveren hüquqlarını həm bilavasitə, həm də nümayəndəli formada, seçkili nümayəndələr vasitəsilə həyata keçirə bilər. Bu da xalq hakimiyyətinin hüquqi təminatını və demokratik mexanizmlərlə balanslaşdırılmasını təmin edir.

Konstitusiya istənilən halda dövlət, cəmiyyət və şəxsiyyət arasında baş verən münasibətlərin hüquqi aspektdən normativ tənzimlənməsini əhatə edir. Bu normalar siyasi, iqtisadi, sosial, mədəni və mənəvi dəyərlər sistemini ehtiva etdiyi üçün Konstitusiyanın qəbulundan sonra bu müddəalar ictimai münasibətləri dəqiq tənzimləməyə bilər. Müvafiq zaman kəsiyində öz aktuallığını itirmə hallarında həmin müddəaların ölü normaya çevrilməməsi üçün ümumxalq səsverməsi qaydasında bu konstitusion hüquqi xarakter daşıyan maddələrin dəyişdirilməsi və ya düzəlişlər edilməsi zərurəti ortaya çıxır. Qeyd etmək yerinə düşər ki, Ulu öndərin prezident olduğu dönəmlərdə apardığı uğurlu siyasət və dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatlar nəticəsində, habelə bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bir sıra fundamental dəyişikliklərin və yeni konstitusion münasibətlərin formalaşmasını zəruri etmişdir. Məhz bu kimi faktorlara görə Azərbaycan Respublikasının Konstitusiyasında ümumxalq səsverməsi yolu ilə üç dəfə əlavə və dəyişikliklər edildi. 12 noyabr 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyası qəbul olunmuşdur ki, bu, sayca ölkə tarixində dördüncü konstitusion referendum idi.

Azərbaycanda beşinci referendum 24 avqust 2002-ci il tarixində keçirilmişdir. Konstitusiyaya dəyişikliklərin edilməsi məqsədilə 130-cu maddənin V hissəsi və 153-cü maddəyə əsaslanaraq referendum keçirilməsi üçün hüquqi prosedurlara əməl edilməklə zəruri tədbirlər görüldü. Konstitusiyanın 24 maddəsinə ümumilikdə 31 əlavə və dəyişiklik edilməsi ilə müşayiət olunan referendum nəticəsində bir sıra konstitusion hüquqi məsələlərə aydınlıq gətirildi. Dəyişikliklərin əsas məqsədi səkkiz istiqamət üzrə konstitusion müddəaların təkmilləşdirilməsi və beynəlxalq hüquqi standartlara uyğunlaşdırılması olmuşdur: Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin konfiqurasiyası; Konstitusiyanın III fəslində nəzərdə tutulan insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə mexanizminin təkmilləşdirilməsi, AR-da referendumların keçirilməsini istisna edən normativ müddəaların aradan qaldırılması; Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin normativ əsaslarla tənzimlənməsi; Azərbaycan Respublikası Prezident seçkilərinə dair bəzi müddəaların daha dəqiq ifadə olunması; Dövlət hakimiyyət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və idarəetmənin effektivliyinin artırılması; məhkəmə hakimiyyətinin institusional əsaslarla gücləndirilməsi və hüquqi mexanizmlərinin inkişaf etdirilməsi; digər zəruri və aktual hüquqi dəyişikliklər. Xüsusilə qeyd olunmalıdır ki, bu dəyişikliklər bir sıra institusional transformasiyaları da ehtiva etmiş və bu baxımdan Azərbaycan Respublikası qanunvericiliyi üçün müsbət presedent yaratmışdır.

Bu referenduma daxil edilən ən mühüm və diqqətçəkən dəyişikliklərdən biri, Konstitusiyanın 83-cü maddəsində "proporsional seçki sistemi" ifadəsinin çıxarılaraq onun "seçki sistemləri" ilə əvəz olunmasıdır. Beləliklə, seçki sistemlərinin tətbiqində çeviklik təmin edilmiş və yalnız bir modelə bağlılıq aradan qaldırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı ildə təsdiq etdiyi Sərəncam əsasında Konstitusiyada dəyişiklik edilməsi üzrə Referendum Aktının layihəsi 26 sentyabr 2016-cı ildə ümumxalq səsverməsinə çıxarılmaqla 42 maddədə 29 dəyişiklik edilmişdi.

Milli Məclis 19 dekabr 2008-ci il tarixli 745-IIIQR saylı qərarı əsasında konstitusion səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklərin edilməsi haqqında rəy alınması üçün hazırladığı Referendum Aktının layihəsin ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmiş, Konstitusiyanın 29 maddəsində 41 dəyişiklik təklif olunmuşdu.

AR KM Referenduma çıxarılan təkliflərin məqsədəuyğunluğunu təsdiq etmiş və bütün təkliflərin ümumxalq səsverməsinə çıxarılmasının məqsədə müvafiq olduğuna hüquqi qiymət vermişdir .

Azərbaycan Respublikası Konstitusiyasında insan və vətəndaşın əsas hüquq və azadlıqlarının konstitusion müstəvidə təmin edilməsi, dövlət hakimiyyəti orqanlarında demokratik islahatların həyata keçirilməsi, Milli Məclisin və icra hakimiyyətinin fəaliyyətinin, habelə seçki sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi məqsədilə 24 avqust 2002-ci il tarixdə ümumxalq referendumu keçirilmişdir. Referendum nəticəsində Konstitusiyada insan hüquq və azadlıqlarının daha səmərəli şəkildə həyata keçirilməsi, ombudsman təsisatının təşkili və fəaliyyəti ilə bağlı bir sıra mühüm müddəalar əks olunmuşdur. İlk dəfə olaraq vətəndaşlara hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanı verilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasında mətbuat azadlığı və əlaqədar məsələlərin kompleks şəkildə tənzimlənməsini təmin edən mühüm hüquqi normalar mövcuddur. Qanunvericiliyə əsasən, kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağan edilmişdir. Bu sahədə qəbul olunmuş mühüm normativ-hüquqi sənədlərdən biri 31 iyul 2008-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"dır. Konsepsiyanın III bölməsində informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin prinsipləri və formaları müəyyənləşdirilmişdir. Bu dəstək qanunçuluq, şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət, KİV-in müstəqilliyinin qorunması, fəaliyyətə müdaxilənin istisna olunması, yayılması qanunla qadağan olunmuş informasiyadan cəmiyyətin qorunması, KİV-in inhisarlaşmasının qarşısının alınması, ictimai maraqları əks etdirən layihələrə üstünlük verilməsi, regional kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi prinsipləri əsasında həyata keçirilir.

2003-cü ilin oktyabrında prezident səlahiyyətlərinin icrasına "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" bəyanatı ilə başlayan dövlət başçısı cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu hüquqi islahatları keyfiyyətcə yeni mərhələdə inamla davam etdirmişdir. Prezidentin 17 iyun 2007-ci il tarixli Fərmanı ilə 18 iyun "İnsan Hüquqları Günü" elan olunmuşdur. Qeyd edilməlidir ki, hələ 1998-ci ilin 18 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuşdur. Ötən illər ərzində insan hüquqlarının müdafiəsinin səmərəli təşkili daim diqqət mərkəzində saxlanılmışdır. Bu sahədə atılmış mühüm addımlardan biri də dövlət başçısının 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" olmuşdur. Bu sənəd, növbəti illərdə insan hüquqlarının beynəlxalq standartlara uyğun təminatı, beynəlxalq təşkilatlarla əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, elmi-analitik fəaliyyətin təşviqi, hüquqi maarifləndirmənin genişləndirilməsi və dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində konkret vəzifələr müəyyənləşdirmişdir.

Hər bir ölkədə hüquqi islahatların effektivliyi ilk növbədə, həmin dövlətin konstitusion quruluşunun mahiyyəti ilə müəyyən olunur. Hüquq sisteminin əsasını təşkil edən konstitusiyanın demokratik prinsiplərə və ümumbəşəri dəyərlərə uyğunluğu öz əksini qanunvericiliyin liberallığında və insan hüquqlarının maksimum təmin olunmasında tapır. Bu kontekstdə, son dövrlərdə keçirilmiş ümumxalq referendumları vasitəsilə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər xüsusi əhəmiyyət kəsb edir. Həmin dəyişikliklər əsasən dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatının dəqiqləşdirilməsinə, bu hüquqların əhatə dairəsinin və hüdudlarının müəyyən olunmasına, ali hakimiyyət orqanlarının səlahiyyət və məsuliyyətlərinin konkretləşdirilməsinə, yerli özünüidarəetmə qurumlarının məsuliyyətinin artırılmasına yönəlmişdir. Referendum nəticəsində Konstitusiyada təsbit edilmiş dəyişikliklərə aşağıdakı məsələlər daxil edilmişdir: vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, ətraf mühitin qorunması, mülkiyyətin geri alınması prinsiplərinin dəqiqləşdirilməsi, şəxsi həyatın müdafiəsi, dini etiqad və əqidə azadlığının sərbəst ifadə olunması, fərdi və qrup halında hüquqların təminatı, məhkəmə hakimiyyəti üzərində ictimai nəzarətin gücləndirilməsi, icra və qanunverici orqanların fəaliyyətinin daha səmərəli təşkilidir.