Konstitusiya və Suverenliyin Zəfəri

Respublika. - 2025.- 22 iyun. - № 127. - S. 9.

 

“Konstitusiya və Suverenlik İli" strateji hədəflərə doğru uğurları şərtləndirir

 

Emil Kərimov,

Qubadlı rayon prokuroru, Baş ədliyyə müşaviri

 

2025 -ci il Prezident İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncamla ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və Vətən müharibəsində tarixi Zəfərin 5-ci, dövlətimizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyinin tam bərpa edilməsinin 2-ci ildönümüdür.

 

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyularaq dövlətimizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. Dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən bu sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilə bilər.

İstənilən xalq üçün müstəqil, suveren dövlət yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyətdir. Ərazi, əhali və siyasi hakimiyyət kimi əsas atributları ehtiva edən hər hansı siyasi varlığın dövlət olması üçün suverenlik, müstəqillik vacib şərtdir. Suverenlik dövlətin mövcudluğunun və davamlı inkişafının ilkin və əsas şərti qismində çıxış edir. Dövlətin suverenliyi üçün zəruri olan hüquqi-siyasi, sosial-iqtisadi təməllər 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmış Ümummilli lider Heydər Əliyev tərəfindən atılmış, ölkənin gələcək müstəqilliyinə etibarlı bünövrə formalaşdırılmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş daxili siyasət sayəsində ölkəmizdə milli özünüdərkin, vətənpərvərliyin gücləndirilməsi istiqamətində də vacib addımlar atılmış, müxtəlif sahələrdə yerli kadrların yetişdirilməsi, həmçinin milli şüurun inkişaf etdirilməsi, milli ruhun yüksəldilməsi sahəsində mühüm işlər həyata keçirilmişdir.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" 29 sentyabr 2022-ci il tarixli Sərəncamında bununla bağlı qeyd edilmişdir: "Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir".

1990-cı illərin əvvəllərindən Ermənistanın hərbi təcavüzü ilə üzləşən ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərinin iyirmi faizi işğal edilmiş, Ermənistanda və işğal olunmuş torpaqlarımızda azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, sülh və insanlıq əleyhinə hərbi cinayətlər törədilmiş, təbii resurslar talan edilmiş, hakimiyyəti zəbt etmiş səriştəsiz siyasi qüvvələrin özbaşınalığı, anarxiya, xaos, hərc-mərclik ölkə daxilində vətəndaş qarşıdurmasının yaranmasına səbəb olmuş, ən əsası isə ölkənin müstəqilliyi üçün təhdidlər meydana çıxmışdır.

Məhz belə çətin və ağır vəziyyətdə xalqın təkidli tələbi ilə 15 iyun 1993-cü il tarixdə yenidən hakimiyyətə qayıtmış Ümummilli lider Heydər Əliyev Azərbaycanı xilas etmək naminə misilsiz fədakarlıq göstərmiş, ölkəmizi ictimai-siyasi pərakəndəlik və anarxiyadan xilas etmişdir. Bununla da ictimai siyasi həyatın bütün sahələrində müşahidə olunan dərin tənəzzülün qarşısı alınmış, dövlətin dayanıqlı və davamlı inkişaf yolu müəyyən edilmişdir.

Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkə daxilində siyasi sabitlik təmin edilmiş, kompleks islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazası hazırlanmış, dövlətimiz tamamilə yeni inkişaf mərhələsinə qədəm qoymuş, dövlət və cəmiyyət həyatının bir çox sahələrini əhatə edən irimiqyaslı islahatlar reallaşdırılmışdır.

Qeyd edilməlidir ki, istənilən dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair Konstitusiya prinsiplərinin mövcudluğu ilə şərtlənir. Belə ki, hər bir hüquqi dövlətin Konstitusiyası bu təməl prinsipləri müəyyən edərək insan hüquq və azadlıqlarının müdafiəsi, hakimiyyətlərin bölgüsü və digər bir sıra mühüm hüquqi başlanğıcları ehtiva edir.

1990-cı illərin əvvəllərində SSRİ-dən miras qalmış hüquq sistemi və qanunvericilik bazası hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə lazımi təminat vermirdi. Bu nöqteyi-nəzərdən Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra hüquqi dövlət quruculuğu ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi və ilk növbədə ölkənin yeni Konstitusiyasının qəbul edilməsi mütləq idi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə mövcud xaos və ziddiyyətli proseslər, siyasi qeyri-sabitlik, eyni zamanda vahid siyasi iradənin olmaması, dövlət müstəqilliyi üçün təhdidlər bu mühüm vəzifənin həyata keçirilməsini qeyri-mümkün etmişdir. Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Konstitusiyanın qəbulu mümkün oldu.

Beləliklə, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may tarixli qərarı və Ulu öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 34 nəfər üzvdən ibarət tərkibi təsdiq olundu. Komissiyanın tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, tanınmış ictimai-siyasi və elm xadimləri, görkəmli hüquqşünaslar, tarixçilər, dilçilər də daxil edilmişdi. Ümummilli lider Heydər Əliyev Konstitusiya Komissiyasının fəaliyyəti zamanı Əsas Qanunun layihəsinə dair dəyərli tövsiyələr vermiş, Konstitusiyanın müddəalarını şəxsən nəzərdən keçirmiş, bu ali sənədin layihəsinin açıq müzakirələrini təşkil etməklə onun ən yetkin formada qəbul edilməsi üçün gərgin əmək sərf etmişdir.

1995-ci il iyunun 5-də yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın ilk iclası keçirilmişdir. İclasda geniş nitq ilə çıxış edən Ulu Öndər Heydər Əliyev dövlətimizin Konstitusiya quruculuğu tarixinə toxunmuş və qeyd etmişdir ki, müstəqil dövlətimizin ilk Konstitusiya layihəsinin hazırlanması tarixi nöqteyi-nəzərdən olduqca mühüm hadisədir. Həmin çıxışında Ümummilli lider qeyd etmişdir: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Ona görə də mən dedim ki, üzərimizə düşən vəzifə həm şərəflidir, həm də çox məsuliyyətlidir".

Komissiyanın 1995-ci il oktyabrın 3-də keçirilən iclasında Ulu Öndər Heydər Əliyev demişdir: "Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir".

Ulu öndər Heydər Əliyevin çıxışlarında qeyd edilən bu vacib konseptual məqamlar mahiyyət etibarilə hüquqi dövlət quruculuğu prosesində ilkin təməl rolunu oynamış və müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir. Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli fərmanla hər il noyabrın 12-si ölkəmizdə "Konstitusiya Günü" elan edilmişdir. 12 noyabr - Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına təbrikində Ümummilli lider Heydər Əliyev qeyd etmişdir: "Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir".

Azərbaycan Respublikasında hüquqi qüvvəyə malik olan Konstitusiya qanunvericilik sisteminin əsasında dayanır, eyni zamanda ölkədə hüquqi və siyasi sabitliyin təminatı qismində çıxış edir. Ölkə Konstitusiyası dövlət quruluşunun əsaslarını, hakimiyyətin bölünməsi prinsipini, hakimiyyət orqanlarının təşkili, səlahiyyətləri və fəaliyyət qaydalarını, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini müəyyən edir, insan hüquq və azadlıqlarının müdafiəsi və təminatı ilə bağlı mexanizmləri tənzim edir.

Əsas Qanunun Preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan edilmişdir. Bu isə Konstitusiyanın mütərəqqi dəyərlərini əks etdirir.

1995-ci il Konstitusiyası bir sıra təməl başlanğıcları ehtiva edir: dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması; insan şəxsiyyətinə və ləyaqətinə hörmət; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; sosial ədalətə nail olmaq; ümumbəşəri dəyərlərə sadiqlik.

Əsas Qanun Konstitusiya quruluşunun mühüm başlanğıcı kimi xalq hakimiyyətini bəyan edir, ölkəmizdə dövlət hakimiyyətinin yeganə mənbəyi kimi xalqı elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Həmçinin, Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir, dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını bəyan edir.

Əsas Qanun sosial-iqtisadi, ictimai-siyasi sistemlərin əsasını təşkil edir, vətəndaş hüquq və azadlıqlarına əsaslı təminat yaradır. Konstitusiyada insan hüquqları və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olaraq müəyyən edilməsi, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumağın qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi olmasının nəzərdə tutulması vacib əhəmiyyət kəsb edir. Bu, insana, onun hüquq və azadlıqlarına dövlət tərəfindən verilən dəyərin bariz göstəricisidir.

Xüsusi vurğulanmalıdır ki, Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqları, onların reallaşdırılmasının ümumi mexanizmləri geniş şəkildə öz əksini tapıb. Konstitusiyada bu hüquq və azadlıqlar xüsusi imtiyaz olaraq deyil, məhz hər kəsin doğulduğu andan malik olduğu toxunulmaz, pozulmaz və ayrılmaz ali dəyərlər kimi ifadə edilir. İnsan hüquqlarına etibarlı və davamlı təminat yaradan Konstitusiyanın ən böyük fəslində hüquqi dövlətdə hüquq və azadlıqlar, onların həyata keçirilməsi mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulmuşdur.

Məlum olduğu kimi, konstitusiyaların hüquqi əlamətlərindən biri onların stabilliyidir. Konstitusiyanın stabilliyi ölkədə qanunçuluğun, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsinin, şəxs, dövlət və cəmiyyət arasındakı münasibətlərin əsas şərtlərindən biridir. Konstitusiya uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulan normativ hüquqi aktdır. Bununla belə, konstitusiyaların qəbulu zamanı onların tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişir, cəmiyyət elmin və texnologiyaların inkişafı baxımından keyfiyyətcə yeni dövrə qədəm qoyur.

Bu cür zərurətdən irəli gələrək 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində ölkə Konstitusiyasına bir sıra mühüm əlavələr və dəyişikliklər edilmişdir. Dövrün çağırışlarını özündə ehtiva edən bu islahatlar hüquqi dövlət dəyərlərinin daha da möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı və səmərəli müdafiəsi məqsədlərinə xidmət edir.

İlk dəfə 2002-ci ildə konstitusiya dəyişikliklərinə yaranan ehtiyac bir çox sahələrdə nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən referendumun nəticəsi kimi Konstitusiyaya dövrün obyektiv reallıqlarından irəli gələn bir sıra mütərəqqi əlavə və dəyişikliklər edilib. Əsas Qanunun mətninə 2002-ci il 24 avqust tarixli referendumla edilmiş əlavə və dəyişikliklər ölkənin hüquq sisteminin təkmilləşdirilməsinə xidmət etmiş, eyni zamanda bu ali sənədi mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşdirmişdir.

2002-ci ildən keçən yeddi il ərzində cəmiyyət həyatının bir çox sahələrində əldə edilən yeni nailiyyətlər, sosial-iqtisadi islahatların dərinləşməsi, vətəndaş cəmiyyəti institutlarının inkişafı, beynəlxalq inteqrasiyanın genişlənməsi və digər bir sıra mühüm yeniliklər Konstitusiyada da bir sıra əlavə və dəyişikliklərin edilməsini gündəmə gətirdi. 2009-cu il martın 18-də keçirilən ümumxalq səsverməsi nəticəsində edilən əlavə və dəyişikliklər mahiyyətcə Əsas Qanunun daha da təkmilləşməsinə, xüsusilə insan hüquq və azadlıqları ilə bağlı əhəmiyyətli müddəaların daha dolğun şəkildə ehtiva edilməsinə xidmət göstərib.

2009-cu il 18 mart referendumundan ötən illər ərzində ölkə iqtisadiyyatının dinamik inkişafı və digər bir sıra vacib amillər siyasi idarəetmə sisteminin daha da müasirləşdirilməsini, həmçinin vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli şəkildə müdafiə olunmasını, bunlar isə öz növbəsində konstitusiya islahatlarının həyata keçirilməsini şərtləndirmişdir. Bununla da, 2016-cı il sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş ümumxalq səsverməsi - referendum yolu ilə Əsas Qanuna mühüm əlavələr və dəyişikliklər edilmişdir.

Əminliklə bildirmək olar ki, ölkə Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər hüquqi dövlətin prinsip və dəyərlərinin bərqərar olmasının, insan hüquq və azadlıqlarının müdafiəsi və təminatına ən yüksək səviyyədə göstərilən diqqətin bariz təzahürüdür.

Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamında qeyd olunduğu kimi "Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir".