Konstitusiya və Suverenliyin Zəfəri

Azərbaycan. - 2025.- 6 may. - № 91. - S. 6.

 

Konstitusiyamızın banisi

 

Vahid Novruzov,

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, YAP Veteranlar Şurasının üzvü, iqtisad elmləri doktoru, professor

 

Cənab Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi, eləcə də bu münasibətlə 11 fevral 2025-ci il tarixində təsdiqlənmiş tədbirlər planından irəli gələn vacib məsələlər respublikamızın bütün bölgələrində və onun hüdudlarından kənarda geniş müzakirə olunmaqda, Azərbaycanın müasir dövrün çağırışlarına uyğun inkişafı isə böyük maraq və rəğbətlə qarşılanmaqdadır.

 

Bu mənada xüsusi olaraq vurğulanmalıdır ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının banisi olan Ümummilli Lider Heydər Əliyev, bu gün müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyinin tam bərpası yoluna işıq saçan ideya müəllifi kimi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.

Müstəqilliyimizin ilk illərindəki çətinliklər, ölkədə yaranan xaos və parçalanma təhlükəsi milli dövlətçiliyin sarsıdılmasına xidmət edən qüvvələrin iş başında olması ilə bağlı idi. Bu vəziyyət Heydər Əliyev şəxsiyyətinin yenidən siyasi səhnəyə qayıdışını zəruri etdi. Onun rəhbərliyi ilə Azərbaycan vətəndaş qarşıdurmasından, iqtisadi fəlakətdən, siyasi təlatümdən xilas olaraq hüquqi dövlət quruculuğuna yönəldi.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə hüquqi qaydaların möhkəmləndirilməsi, idarəetmənin sabitləşdirilməsi və konstitusiya əsasında müasir dövlət quruculuğunun əsasları formalaşdırıldı. Bu istiqamətdə ən vacib addımlardan biri də Yeni Azərbaycan Partiyasının yaradılması idi. 1992-ci ildə əsası qoyulan bu partiya dövlət müstəqilliyimizin qorunmasında, siyasi sabitliyin təmin olunmasında və xalqın bir araya gəlməsində əvəzsiz rol oynadı. Onun irəli sürdüyü ideyalar, dövlətçilik prinsipləri və ictimai həmrəylik çağırışları cəmiyyətin bütün təbəqələrini əhatə edərək vəhdət yaratdı.

Azərbaycanın hüquqi sisteminin formalaşması prosesi təkcə konstitusiyanın qəbul edilməsi ilə məhdudlaşmadı. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən qanunvericilik aktları və hüquqi islahatlar hüquq sisteminin Avropa standartlarına uyğunlaşdırılması üçün ciddi zəmin yaratdı. Bu proses müstəqil məhkəmə sisteminin, ədalətli hüquq-mühafizə orqanlarının və hüquqi dövlət strukturlarının formalaşması ilə müşayiət olundu. Bu gün Azərbaycan vətəndaşları hüquqi cəhətdən daha qorunan, hüquqları daha çox tanınan və azadlıqları təmin olunan cəmiyyətin üzvləridir.

Heydər Əliyevin iqtisadi islahatlar proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatı dirçəldi. Neft strategiyasının əsasını təşkil edən və 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasına yol açdı. Bu saziş təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan Azərbaycanın mövqeyini möhkəmləndirdi. Bu prosesdə İlham Əliyevin neft diplomatiyası sahəsindəki fəaliyyəti xüsusi önəm daşıdı. Bu diplomatiya Azərbaycanın xarici tərəfdaşlarla münasibətlərini gücləndirdi, regionda yeni əməkdaşlıq formatlarının yaranmasına şərait yaratdı.

İlham Əliyevin prezidentliyi dövründə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, infrastruktur layihələrinin reallaşdırılması, eyni zamanda sosial rifahın yaxşılaşdırılması sahəsində irimiqyaslı proqramlar həyata keçirildi. Onun rəhbərliyi ilə qəbul edilən iqtisadi strategiyalar Azərbaycanın davamlı inkişafını təmin etdi və ölkəmizi regionun güclü dövlətinə çevirdi. Böyük qayıdış proqramının icrası, azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlər bunun bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman vurğulamışdır ki, güclü iqtisadiyyat güclü dövlətin əsas təminatıdır. Bu kontekstdə aparılan iqtisadi islahatlar sosial siyasətlə üzvi şəkildə bağlıdır. Yoxsulluğun azaldılması, işsizliyin minimuma endirilməsi, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkədə sosial ədalət prinsipi daha da möhkəmləndirildi.

Şəffaflıq və korrupsiyaya qarşı mübarizə sahəsində Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində dövlət idarəetməsində məsuliyyət və hesabatlılıq prinsipləri  gücləndirildi. "Yeni dövr şəffaflıq dövrüdür" çağırışı sadəcə bir ifadə deyil, həm də praktiki tədbirlərlə dəstəklənən bir fəaliyyət strategiyasıdır. Bu, xalqla dövlət arasındakı etimadın möhkəmlənməsinə xidmət edir. Açıqlıq və şəffaflıq, vətəndaşların dövlət proseslərində iştirakını artırmaqla yanaşı, ictimai nəzarətin səmərəliliyini də artırdı.

Qarabağ zəfəri Azərbaycan dövlətçiliyinin və Konstitusiya ilə müəyyənləşdirilmiş ərazi bütövlüyü prinsipinin təntənəsidir. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsində yeni bir zirvə oldu. Bu müharibədə qazanılan parlaq qələbə təkcə hərbi gücün nümayişi deyil, eyni zamanda siyasi uzaqgörənlik, diplomatik ustalıq və milli həmrəyliyin qələbəsi kimi tarixə düşdü. Azərbaycan xalqı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, həmrəyliyi və iradəsi ilə, rəşadətli ordumuz isə peşəkarlığı, fədakarlığı və qəhrəmanlığı ilə bu tarixi zəfərin müəllifinə çevrildi.

Bu zəfər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi və konstitusiyada təsbit olunmuş prinsiplər real həyatda gerçəkləşdi. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi yalnız hərbi baxımdan deyil, həm də beynəlxalq hüquq normalarına əsaslanan siyasi və diplomatik nailiyyət kimi dəyərləndirilir. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə və sonrakı mərhələdə apardığı diplomatik fəaliyyət, informasiya müharibəsindəki qətiyyətli çıxışları və postmünaqişə dövrü üçün hazırladığı strateji planlar Azərbaycanın regiondakı nüfuzunu daha da artırdı.

Bu qələbə ideoloji cəhətdən də mühüm əhəmiyyət daşıyır. Çünki illər boyu xalqın yaddaşında yaşayan ədalət və qürur hissi nəhayət ki, reallığa çevrildi. Vətən müharibəsində əldə olunan nəticələr bir daha göstərdi ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək gücündədir və bu istiqamətdə hər bir vasitədən - diplomatiyadan, iqtisadi gücdən və hüquqi əsaslardan istifadə etməyə qadirdir. Qarabağ zəfəri müasir Azərbaycan tarixində milli qürurun, dövlətçilik iradəsinin və xalq-dövlət birliyinin möhtəşəm simvoluna çevrildi.

Müstəqillik və suverenlik anlayışının davamlılığı üçün iqtisadi təhlükəsizlik bu gün olduqca mühüm strateji prioritetə çevrilmişdir. Ulu Öndər Heydər Əliyev iqtisadi təhlükəsizliyi dövlət təhlükəsizliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirmiş, iqtisadi müstəqilliyin təmin olunmasını milli dövlətçiliyin möhkəmləndirilməsinin əsas şərti hesab etmişdir. Onun başlatdığı iqtisadi islahatlar, ölkəmizə xarici sərmayənin cəlbi və neft strategiyası nəticəsində Azərbaycanın iqtisadi təməli möhkəmləndi, dövlətimiz beynəlxalq enerji bazarında mühüm tərəfdaşa çevrildi.

Prezident İlham Əliyev bu xətti daha da inkişaf etdirərək iqtisadi təhlükəsizlik məsələsini milli inkişaf strategiyasının mərkəzində saxlamışdır. Qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyi, sənaye parklarının yaradılması, rəqəmsal iqtisadiyyatın təşviqi və dayanıqlı maliyyə siyasəti kimi tədbirlər nəticəsində ölkəmiz iqtisadi baxımdan daha çevik və dayanıqlı hala gəlmişdir. Xarici borcun minimum səviyyədə saxlanılması, milli valyutanın sabitliyi və strateji valyuta ehtiyatlarının gücləndirilməsi kimi göstəricilər iqtisadi müstəqilliyin əsas sütunlarını təşkil edir.

İqtisadi təhlükəsizlik eyni zamanda vətəndaşların sosial rifahı ilə sıx bağlıdır. Əhalinin məşğulluğunun artırılması, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, aztəminatlı təbəqələrə dəstəyin gücləndirilməsi və bölgələrdə infrastruktur layihələrinin reallaşdırılması həm iqtisadi sabitliyə, həm də ictimai etimada töhfə verir. Bu tədbirlər nəticəsində Azərbaycan təkcə regionda deyil, beynəlxalq miqyasda da nümunəvi sosial-iqtisadi inkişaf modeli yaradan ölkə kimi tanınmaqdadır.

Bütün bu uğurların təməlində dayanan ideoloji baza isə azərbaycançılıq fəlsəfəsidir. Heydər Əliyev tərəfindən formalaşdırılan, İlham Əliyev tərəfindən zənginləşdirilən bu ideologiya müasir Azərbaycan cəmiyyətinin mənəvi birliyini, tolerantlıq ənənələrini və dövlətçilik düşüncəsini ifadə edir. Azərbaycançılıq - vətəndaşın etnik mənsubiyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq, vahid dövlətçilik amalı ətrafında birləşməni təşviq edən milli ideyadır.

Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" fikri azərbaycançılığın humanist, əhatəli və birləşdirici mahiyyətini açıq şəkildə ortaya qoyur. Bu ideologiya təkcə keçmişə bağlılıq deyil, həm də gələcəyə yönəlmiş inkişaf, modernləşmə və hüquqi dövlət prinsiplərinin fəlsəfi əsasını təşkil edir. Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı cəmiyyətində azərbaycançılıq ideologiyası sülh, qarşılıqlı hörmət və ümummilli həmrəylik mühitinin qorunmasında əsaslı rol oynayır.

Nəticə etibarilə Qarabağ zəfəri, iqtisadi müstəqillik və azərbaycançılıq ideologiyası bir-birini tamamlayan və gücləndirən strateji dayaqlardır. Bu üç istiqamət birgə şəkildə Azərbaycanın suverenliyinin, dövlətçilik ənənələrinin və gələcək inkişaf yolunun təminatçısı kimi çıxış edir. Dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi, vətəndaş rifahının təmin olunması və milli birliyin qorunması isə bu strateji konsepsiyanın əsas məqsədidir.

Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Konstitusiyamızın qəbulundan keçən müddət ərzində əldə olunan uğurlar göstərir ki, bu ali sənəd və onu yaradan ideyalar daim yaşamalı və inkişaf etməlidir. Azərbaycanın suverenliyi, dövlətçiliyi və xalqımızın rifahı naminə bu siyasi kursa sadiqlik ölkəmizin davamlı inkişafını təmin edir. Ulu Öndərin müdrik siyasəti və Prezident İlham Əliyevin bu siyasəti zamanın tələblərinə uyğun şəkildə zənginləşdirməsi ölkəmizin sabitlik və tərəqqi yolunda olduğunu sübut edir.

Bu gün hər bir azərbaycanlı qürurla deyə bilər ki, konstitusiyamızın banisi olan Heydər Əliyev həm də suverenliyimizin ideya mayakıdır və bu mayak bizi daim sabaha aparacaqdır. Onun qoyduğu irs - azərbaycançılıq fəlsəfəsi, müstəqillik düşüncəsi, hüquqi dövlət modeli və sosial ədalət prinsipi bu gün də yaşamaqla yanaşı, Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyən edir.

Əldə olunan uğurlar, mövcud sabitlik və perspektiv hədəflər bir daha sübut edir ki, Heydər Əliyev yolu daim yaşayacaq, bu yolda atılan hər bir addım isə xalqımızın rifahına, dövlətimizin qüdrətinə xidmət edəcəkdir. Bu yol müstəqilliyimizin, suverenliyimizin və hüquqi dövlətimizin təminatıdır.