Azərbaycan. - 2025.- 22 fevral. - № 40. - S. 7.
Suverenliyimizə atəş açılan ilk gün
1988-ci il fevralın 22-də Azərbaycan ədalətsiz savaşla üzləşdi
Yasəmən Musayeva
"Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
2023-cü ildə Xankəndidə Zəfər meydanında Azərbaycan bayrağını qürur hissi ilə əbədi dalğalandıran Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, bu tarixi hadisə Azərbaycan xalqının onilliklərin o üzündən başlayan və ərazi bütövlüyümüzün, suverenliyimizin təmininə uzanan keşməkeşli yolunun məntiqi zirvəsi, Qarabağ Azərbaycandır həqiqətinin dünyaya qəti bəyanı idi.
Bununla ikiəsrlik erməni şovinizminə, dünya erməniçiliyinə bir daha özlərinə gələ bilməyəcəkləri sarsıdıcı zərbə vurulmuş, sərsəm "miatsum" ideyası birdəfəlik cəhənnəmə vasil edilmişdi. Çünki düz 35 il əvvəl erməni faşistləri məhz bu meydanda ayağa qalxaraq Azərbaycan xalqına qarşı cinayət əməllərinə, qətliamlara, soyqırımlarına start vermişdilər.
Elə buna görə də Qarabağda, Xankəndinin Zəfər meydanında üçrəngli, ay-ulduzlu bayrağımızın ucaldılması həm də torpaqlarımızın bütövlüyü və suverenliyi uğrunda şəhid olan oğul və qızlarımızın ruhunun şad olması demək idi.
100 il əvvəlin fitnəsi
2023-cü il sentyabrın 20-nə - suverenliyimizin təmininə qədər isə Azərbaycan xalqı olaraq düz 100 illik bir yol qət etmiş, çox faciələrə tuş gəlmişdik.
Sovet hakimiyyəti qurulduqdan sonra, 1923-cü ildə Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılmışdı. Əvvəlcə Şuşa şəhəri, sonradan isə daşnak, xalqımızın qanına susamış Stepan Şaumyanın adı verilən və əhalisinin böyük əksəriyyəti azərbaycanlılar olan Xankəndi şəhəri qurumun mərkəzi olmuş, kənardan gəlmələrin hesabına getdikcə burada ermənilərin sayı çoxalmağa başlamışdı. Beləliklə, bu ərazidə bütün idarəetmədə rəhbərlik ermənilərə məxsus olmuş, azərbaycanlılar sıxışdırılmağa başlanmışdı. Əslində, DQMV-nin yarandığı vaxtlardan etibarən zaman-zaman Ermənistana birləşdirilməsi məsələsinə cəhd edilmiş, amma bu, 1988-ci ildə daha açıq müstəviyə keçirilmişdi. Çünki 1987-ci ildə Ulu Öndər Heydər Əliyev vəzifəsindən kənarlaşdırılmışdı. Bunu fürsət bilən erməni millətçiləri dərhal məsələ qaldırmışdılar ki, DQMV Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilsin. Bu məsələni ilk dəfə erməni millətçisi A.Aqambekyan Fransa qəzetlərinin birinə müsahibəsində söyləmişdi və Azərbaycanın Qarabağ bölgəsinin iqtisadi cəhətdən Ermənistana birləşdirilməsinin daha faydalı olacağını bildirmişdi.
Təbii ki, DQMV-də sosial-iqtisadi geriliyin olması ilə bağlı erməni millətçiləri tərəfindən ortaya atılan iddia tamamilə yalan idi. Çünki həmin vilayət o dövrdə Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri olub və buna xüsusilə Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə nail olunub.
1969-cu ildə Ulu Öndər ilk dəfə Azərbaycanda hakimiyyətə gələndən sonra Qarabağda milli zəmində bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi. Heydər Əliyevin təşəbbüsü ilə bölgənin inkişafı üçün xeyli sosial-iqtisadi layihələr gerçəkləşdirilmişdi. Məsələn, 1976-cı ildə Sərsəng, Suqovuşan su anbarları inşa edilmişdi və bunlar bölgədə kənd təsərrüfatının inkişafına birbaşa təkan olmuşdu. Ağdamdan Xankəndiyə dəmir yolu çəkilməsi, burada ali məktəbin yaradılması, fabriklərin açılması və sair də bu qəbildən olan mühüm işlər idi. Bütün bunlar isə erməni millətçilərinin ortaya atdığı iddiaların arxasında, əslində, başqa məkrli planların olduğunu gün kimi ortaya qoyurdu.
Münaqişənin ilk qurbanları
1988-ci il fevralın 13-dən Xankəndinin mərkəzi meydanında ermənilərin fasiləsiz mitinqləri başlamış və proses fevralın 20-nə qədər kütləvi şəkildə davam etdirilmişdi. Fevralın 20-də isə ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin İcraiyyə Komitəsinin sessiyasını çağıraraq azərbaycanlı deputatların iştirakı olmadan qərar qəbul etmişdilər ki, vilayət Azərbaycanın tərkibindən çıxır və Ermənistana birləşdirilir.
Bu bədnam qərara və ermənilərin azğın davranışlarına görə etirazlarını bildirmək üçün 1988-ci il fevralın 22-də Əsgəran rayonu ərazisində Ağdam rayonunun sakinləri dinc nümayiş keçirmişdilər. Yürüş zamanı ermənilərin atəş açması nəticəsində Ağdam şəhərinin sakinləri - iki azərbaycanlı gənc Əli Hacıyev və Bəxtiyar Quliyev qətlə yetirilmişdi.
Beləliklə, Əli Hacıyev və Bəxtiyar Quliyev Ermənistanla Azərbaycan arasında münaqişənin ilk qurbanları oldular. Bu, qanlı hadisənin törədildiyi 1988-ci il fevralın 22-si tarixi, həm də Azərbaycanın suverenliyinə açılan ilk atəş günü oldu. Çünki məhz həmin tarixdən sonra erməni faşistləri daha geniş əl-qol açaraq xalqımızı deportasiyalarla, kütləvi qətllərlə, soyqırımları ilə yenidən üz-üzə qoydular, torpaqlarımıza açıq şəkildə iddia etməyə, ardınca isə işğala başladılar. Təkcə 1980-ci illərin sonlarında Qərbi Azərbaycandan - tarixi yurdlarından üç yüz mindən çox soydaşımız qaçqın düşüb. Həmin dövrlərdə mərkəzi hakimiyyətin erməni millətçilərinin bu cinayət əməllərinə göz yumması ilə yanaşı, onlara hər cür dəstək göstərməsi də hadisələrin Azərbaycan və azərbaycanlılar üçün daha faciəvi hal almasına gətirib çıxardı. Əlbəttə ki, ölkəmizə qorxaq, səriştəsiz, ən əsası milli mövqeyi olmayan şəxslərin rəhbərlik etməsi birinci səbəblərdən idi. Azərbaycan müstəqilliyini yenicə əldə etdikdən sonra isə Ermənistan respublikamıza qarşı işğalçı müharibəyə başladı. O dövrdə yenə də Azərbaycanda "kreslo" uğrunda torpağını belə satmağa hazır olan antimilli qüvvələrin hakimiyyətdə olması fəlakətlərimizin üzərinə daha dəhşətlilərini əlavə etdi. Təcavüzkar müharibə nəticəsində ərazilərimiz bir-bir işğal olundu, bir milyona yaxın vətəndaşımız didərgin salınaraq məcburi köçkünə çevrildi. Həmin dövrdə Xocalıda və daha neçə-neçə yurdlarımızda xalqımıza qarşı soyqırımları, qətliamlar törədildi.
Erməni faşizminin başı əzildi
Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal olundu və uzun illər ərzində işğal altında saxlanıldı. Bununla da ölkəmizə xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37 min 168 əmlak üzrə 19 milyard manatdan artıq maddi ziyan vuruldu.
Təcavüzkar müharibə gedişində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, habelə soyqırımı əlamətləri olmadan əhalinin bütövlükdə və ya qismən məhv edilməsi faktları bu günlərdə keçirilən erməniəsilli təqsirləndirilən şəxslərin məhkəməsində də açıqlanıb.
Məlum olub ki, Xocalı rayonunun ərazisində yaşayan azərbaycanlı əhalini kütləvi şəkildə milli-etnik mənsubiyyətinə görə bir qrup kimi məhv etmək niyyəti ilə onları öldürmək, sağlamlığına ağır və əqli qabiliyyətinə ciddi zərər vurmaq məqsədilə rayona və ətraf yaşayış məntəqələrinə silahlı basqınlar edilib, azərbaycanlıların baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, gözlərinin çıxarılması, diri-diri yandırılması, cinayətkar fəaliyyətinin qarşısının alınması üçün zərərsizləşdirilmiş erməniəsilli şəxslərin qəbirləri üzərində başlarının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa da fərq qoymadan qəddarlıqla müxtəlif işgəncələr verilməsi ilə ümumilikdə 613 şəxs qəsdən öldürülüb məhv edilməklə Xocalı soyqırımı törədilib.
1988-2024-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 18850 nəfər qəsdən öldürülüb. Sözügedən illər ərzində 3493 nəfər mülki, 15 min 357 nəfər hərbi qulluqçu olmaqla, ümumilikdə 18 min 850 şəxs qəsdən öldürülüb, 4435 nəfər mülki, 51 min 803 nəfər hərbi qulluqçu olmaqla, ümumilikdə 56 min 268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib.
1988-2023-cü illərdə ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsi və ətraf ərazilərində yüzdən çox fərqli-fərqli işgəncə metodları tətbiq edilməklə 1698 azərbaycanlı girov götürülüb.
Əsir və girov götürülən 1284 dinc sakindən 122-i mülki sakin, əsir götürülmüş 414 nəfər hərbi qulluqçudan isə 48 nəfəri, ümumilikdə 170-i işgəncələr və qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb.
Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzlə üz-üzə qaldığı həmin bədnam tarixdən - 1988-ci il fevralın 22-dən 2023-cü il sentyabrın 20-nə qədər ötən 35 illik zaman ərzində ölkəmiz, xalqımız çox faciələrlə üzləşdi, dəhşətli ağrı-acılar yaşadı, amma əyilmədi, sınmadı, haqq mübarizəsindən bir addım belə çəkilmədi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 2020-ci ildə Qarabağda parlaq Zəfərlə torpaqlarını işğaldan qurtardı, ərazi bütövlüyünü, suverenliyini təmin etdi, Konstitusiyamız bütün ərazilərimizdə qüvvəyə mindi. "Dəmir yumruq" erməni faşizminin başını birdəfəlik əzdi.